Azərbaycanlı deputatları ora aldadıb aparıblar

Azərbaycanlı deputatları ora aldadıb aparıblar

Xalq Mücahidləri hər zaman azərbaycanlıları müxtəlif yollarla öz tərəflərinə çəkməyə çalışıb. Pul qarşılığında, insanların məlumatsızlığından və zəif iradəsindən istifadə edərək, bu cür addımlar atırlar.

Bu sözləri AzerTimes-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım Azərbaycan millət vəkillərinin Xalq Mücahidlərinin konfransında iştirak etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təşkilat üçün Azərbaycandan olan nümayəndələrin iştirakı vacib məsələdir:

“Xalq Mücahidləri bundan öncəki beynəlxalq tədbirlərinə də Azərbaycandan olan tanınmış şəxsləri, hətta müxalifət partiyalarını çağırıblar. Gedənlərlə yanaşı, dəvəti qəbul etməyənlər də olub. Xalq Mücahidlərini Güney Azərbaycanda heç kim dəstəkləmir, amma necə olur ki, Azərbaycan parlamentindən asanlıqla deputatlar tapıb, çağırır və öz tədbirində danışdıra bilir? Bunlar Güney məsələlərini dəqiq bilməyən şəxslərin məlumatsızlığından istifadə edərək, onları öz tərəflərinə çəkə bilir. Onları aldadıblar ki, bizi Amerika qəbul edir, dünya qəbul edir, sabah İran dövlətinin rəhbəri bunlar olacaq. Bu təşkilata görüntü lazımdır. Göstərmək istəyirlər ki, Azərbaycanın millət vəkilləri də tədbirlərinə gəldi. Elə təqdim etmək istəyirlər ki, Azərbaycan da onların yanındadır. Həmçinin, xalqımızın zehnində Xalq Mücahidlərinin müsbət imicini formalaşdırmağa da səy göstərirlər. Bir sözlə, Xalq Mücahidlərinin Azərbaycan millət vəkilərini öz tədbirlərinə çağırması xoş niyyətlə deyil. Bunlar, sadəcə indiki dönəmdə özlərinə etibar qazanmaq üçündür”.

O, Xalq Mücahidlərinin maliyyə resurslarını xüsusi vurğulayıb:

“Onların, həqiqətən, çox pulları var. Toplantılara külli miqdarda vəsait xərcləyirlər. O vaxt Səddam Hüseyndən alıblar, özləri yatırım ediblər, bütün Avropadan pul toplamaqla məşğul olublar. İndi də əllərindəki geniş imkanla lazım bildikləri şəxsləri öz yanlarına çəkirlər”.

Partiya sədrinin sözlərinə görə, bəzən çoxları Məryəm Rəcəvinin türk olduğunu düşünüb, ona dəstək verməyi lazım bilir:

“Nə olsun Məryəm Rəcəvi türkdür? İranda bizi əzənlərin də çoxu türkdür. Əsas odur, ideoloji cəhətdən hara bağlıdır. Məryəm Rəcəvi antitürk, antiazərbaycan, terrorçu bir qrupun başçısıdır. Onların qərargahında türk dilində danışmaq yasağı qoyulub. Son günlər gözdən pərdə asmaq üçün bir-iki dəfə türkcə bildirişlər veriblər. Hətta son bəyanatlarında Azərbaycan Respublikasını dırnaqda yazıblar. Onu tanımırlar. Bunlar 40 il bundan əvvəl Müqavimət Şurasını yaradanda kürdlərə muxtariyyət qəbul etdilər”.

Xalq Mücahidlərini “Hizbullah” terror təşkilatı ilə müqayisə edən partiya sədri qeyd edib ki, qəti şəkildə onlara Azərbaycan Respublikasında manevr etməyə imkan vermək olmaz:

“Onlar terror qüvvələrini Azərbaycana yerləşdirməyə çalışacaqlar. Azərbaycan dövlət məmurları, təhlükəsizlik strukturları Xalq Mücahidləri kimi qüvvələrin Azərbaycanda yuva salmasına imkan verməməlidir. Molla rejiminin qüvvələri ilə bunların arasında bir fərq yoxdur. Sadəcə, geyim və ifadə fərqi var, amma düşüncə eynidir. Onların iddiasına görə, Azərbaycan İranın tarixi torpağıdır. Məsələyə də bu cür yanaşırlar. “Hüseyniyyun” nədirsə, Xalq Mücahidləri də odur”.

Teqlər: