AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov COVID-19-a qarşı
iki RBD və bir kokteyl əsaslı peyvənd hazırladıqlarını qeyd
edib.
Trend-in məlumatına görə, Tərlan Məmmədov bu barədə “Bitkidə
sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların
istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş
onlayn seminarı zamanı deyib.
O, bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan)
variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə
ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini
vurğulayıb.
“Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ”
adlandırmağı düşünürük”, – deyə professor Tərlan Məmmədov əlavə
edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin
hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq
edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.