AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 28-29 yanvar tarixlərində İspaniyanın Valensiya şəhərində keçirilən V Beynəlxalq Avropa Disiplinlərarası Araşdırmalar Konfransında iştirak edib.
İnstitutdan AzerTimes-a bildirilib ki, X.Ələkbərova konfransda “Ərəb ədəbiyyatında mühacirlər mövzusunu yaradan amillər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dünyada qloballaşan miqrasiya problemi, bunu doğuran səbəblərə toxunulub. Ərəb Şərqindən mühacir axınını şərtləndirən amillərin təhlilini də ehtiva edən çıxış maraqla dinlənilib.
Məruzəçi, xüsusən, son dövrlər Ərəb Şərqində geniş vüsət almış bu prosesin ədəbiyyatda bütün təfsilatı ilə bədii inikasından, yaranmış yeni ədəbi tendensiya və mühacirlər mövzusunda əsərlərdən bəhs edib.
Qeyd edək ki, elm adamlarını bir arada müzakirələrə toplayan bu mötəbər elmi platforma bundan öncə 2021-ci ilin avqust ayında Polşada təşkil olunmuşdu.