Azərbaycanla Yaroslavl bölgəsinin bir sıra sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivləri var – Qubernator

Xəbər - Zeyni Cəfərov – Trend:

Azərbaycanın və Rusiyanın Yaroslavl bölgəsinin həm iqtisadi, həm də mədəni sahədə qarşılıqlı fəaliyyət üçün yaxşı perspektivlər var.

Trend-in məlumatına görə, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik ilə müzakirələr zamanı Yaroslavl bölgəsinin qubernatoru Dmitri Mironov deyib.

Onun sözlərinə görə, ötən il tərəflər arasında ticarət dövriyyəsinin həcmi təqribən 8 milyon dollar təşkil edib və Azərbaycanda qara metallardan hazırlanan Yaroslavl məhsulları, yanacaq, mexaniki avadanlıq, şüşə və əczaçılıq məhsulları, həmçinin poliqrafiya, lak və boya məhsullarına tələbat var.

Dmitri Mironov qeyd edib ki, bölgə ilə Azərbaycan arasında bir sıra perspektivli əməkdaşlıq sahələri iki ölkənin Hökumətlərarası Komissiyasının qərarlarında öz əksini tapıb:

“Yaroslavl bölgəsinin xarici ticarətinin inkişafı “Beynəlxalq əməkdaşlıq və ixrac” milli layihəsinin həyata keçirilməsində prioritet vəzifədir və bu baxımdan Azərbaycan bazarı böyük maraq doğurur”.


Bundan əlavə D.Mironov bildirib ki, bölgənin hökuməti hər iki tərəfin şirkətlərinin məhsullarının daşınması və saxlanması üçün Yaroslavl bölgəsi ərazisində logistika mərkəzi yaratmaq üçün investor tapmaqda maraqlıdır: “Daha bir perspektivli əməkdaşlıq sahəsi Yaroslavl ilə Bakı arasında hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkilidir və nümayəndə heyətimiz avqust ayında II Xəzər İqtisadi Forumu çərçivəsində Azərbaycanın biznes mühitinin nümayəndələri ilə danışıqlarda iştirak etmək niyyətindədir”.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik öz növbəsində Yaroslavl bölgəsinin sənaye cəhətdən inkişaf etmiş, xarici bazarlara çıxmaq üçün yaxşı potensiala sahib bölgə olduğunu bildirib və Azərbaycan bazarlarına və orada olan cəlbedici şərtlərə diqqət yetirməyə çağırıb.

Bildirilib ki, Yaroslavl müəssisələrinin azərbaycanlı tərəfdaşlarına təklif edəcəyi çox şey var və işgüzar şura razılaşmaları həyata keçirmək üçün hər zaman dəstək verməyə hazırdır.

Görüşün sonunda Dmitri Mironov və Aleksey Repik bölgə hökuməti ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında regional istehsalçıların məhsullarının Azərbaycan bazarlarına çıxarılmasına, eləcə də Azərbaycandan Yaroslavl bölgəsinə investisiyaların cəlb olunmasına kömək edəcək əməkdaşlıq razılaşması imzalayıblar.