Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri Mərkəzi Asiyada bir çoxlarını ruhlandırıb – Qazaxıstanlı politoloq

Xəbər - Trend:

Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri Mərkəzi Asiyada bir çoxlarını ruhlandırıb.

Bunu Trend-ə qazaxıstanlı politoloq, “Risklərin dəyərləndirilməsi qrupu”nin direktoru Dosım Satpayev deyib.

O qeyd edib ki, Türk Şurasının VIII zirvə görüşü təkcə iştirakçı sayının Türkmənistanın hesabına artmasına görə deyil, həm də qlobal və regional məsələləri əhatə edən geniş gündəminə görə əlamətdardır.

Onun sözlərinə görə, zirvə görüşünün gündəliyində Türk Şurasının 2040-ci ilədək konsepsiyasının müəyyənləşdirilməsi dayanır ki, bu da gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından çox vacibdir.

“Təəssüf ki, biz indi qlobal səhnədə çoxsaylı təşviş doğuran məqamları müşahidə edirik. Köhnə çağırışlarla yanaşı, yeni çağırışlar peyda olub. Təbii ki, bu şərtlərdə türkdilli ölkələr birləşməlidir”, – deyə politoloq bildirib.

O qeyd edib ki, Türkiyə Qazaxıstan ən üçün ən yaxın tərəfdaşı, Azərbaycan isə Cənubi Qafqazda qardaş ölkədir.

“Qazaxıstanda İkinci Qarabağ müharibəsinin gedişatını diqqətlə izləyirdilər və Azərbaycan qarşıya qoyduğu işğal edilmiş torpaqları azad etmək hədəfinə nail olduqda çox sevindilər. Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri Mərkəzi Asiyada bir çoxlarını ruhlandırıb”, – deyə D.Satpayev vurğulayıb.

Onun sözlərinə görə, çoxları gördü ki, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq təkcə kağız üstündə deyil, bu, həm də konkret nəticələr verir.

“Türk Şurası çərçivəsində ən başlıca dəyər üzv ölkələrin bərabərhüquqlu münasibətləridir. Əlbəttə ki, indi regional və qlobal çağırışlara hazırlaşmaq vacibdir”, – deyə politoloq əlavə edib.

Bu cür qlobal çağırışlardan birinin iqlim dəyişiklikləri olduğunu qeyd edən politoloq zirvə görüşünün yaşıl texnologiyalar şüarı altında keçirilməsini təsadüfi adlandırmayıb.

“Ölkələrimiz iqlim dəyişiklikləri qarşısında çox həssasdır. Azərbaycan və Qazaxıstan Xəzər dənizi ilə bağlı həssasdır. Artıq 21-ci əsrin sonunadək Xəzərdə suyun səviyyəsinin əhəmiyyətli dərəcədə azalması barədə proqnozlar səslənib. Bu, bizim üçün ekoloji fəlakətə çevriləcək. Ona görə də əməkdaşlıq vacibdir, çünki yalnız əlaqəli şəkildə problemləri minimuma endirmək olar”, – deyə D.Satpayev yekunlaşdırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: