Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə
Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın
İstanbul şəhərində keçirilən 10-cu iclası başa çatıb.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, iclasdan sonra
Azərbaycan və Türkiyə Hökumətləri adından nazirlər Sahil Babayev və
Vedat Bilgin Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial
müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair 6 may
2004-cü il tarixli Prosedur Müqaviləyə dəyişikliklər edilməsinə
dair Əlavə Prosedur Müqaviləni imzalayıblar.
Həmçinin Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən
10-cu iclasının yekunlarına dair Protokol imzalanıb.
Sənəddə iclasda aparılmış müzakirələrin nəticələrinə əsasən, iki
nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya
sahələrində müəyyən olunmuş gələcək əməkdaşlıq istiqamətləri, fəal
təcrübə mübadilələrinin aparılacağı əksini tapır.
İmzalanmadan sonra S.Babayev və V.Bilginin brifinqi olub.
Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əmək,
məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin də genişlənməkdə
olduğu qeyd edilib.