Azərbaycanla Türkiyə arasında ekoloji sahədə imzalanan memorandumlar sıx əməkdaşlığa təkan verəcək

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “Azərgold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu imzalanıb.

AzerTimes-ın məlumatına görə, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib ki, sözügedən sənəd tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsinə və gələcəkdə müvafiq sahədə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.

“Anlaşma Memorandumunun imzalanmasında məqsəd yer elmləri və mədənçilik sahələrində elmi-texniki əməkdaşlığın həyata keçirilməsi, müvafiq sahədə təlim proqramlarının təşkili və təcrübə mübadiləsi aparmaqla birgə kəşfiyyat işlərinin yerinə yetirilməsidir”, – deyə o bildirib.

S.Qurbanov imzalanan Memorandumun ölkələr arasında dağ-mədən sənayesinin inkişafında yeni perspektivlər açacağını və qarşılıqlı əməkdaşlıq çərçivəsində bu sahədə fəaliyyətin səmərəli və faydalı olacağını vurğulayıb.

Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti və Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında “Yer elmləri sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev imzalanan sənədin potensial əməkdaşlığın təmin edilməsi üçün vacib addım olduğunu bildirib.

O qeyd edib ki, Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd mineral ehtiyatlar, geokimya, geotermal enerji, kəşfiyyat və qiymətləndirmə sahələrində işbirliyinə nail olmaq, eyni zamanda kəşfiyyat, qazma işləri və geoloji tədqiqatlar üzrə mütəxəssislərin hazırlanması sahəsində sıx əməkdaşlığın qurulmasıdır.

“Memorandumun qüvvədə olduğu 5 il ərzində ölkəmizin geologiya və dağ-mədən sektorunda çalışan mütəxəssis və texniki heyət üçün təlim proqramları həyata keçiriləcək, yer elmləri üzrə məlumat mübadiləsi aparılacaq və birgə geoloji layihələr icra ediləcək” – deyə o bildirib.

Ə.Əliyev imzalanan Memorandum sayəsində Azərbaycanda geoloji tədqiqatlarda texnoloji və metodoloji yeniliklərin tətbiq ediləcəyini, bu sahədə birgə fəaliyyətin səmərəli və faydalı olacağını bildirib.

Teqlər: