Azərbaycanla ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik – Türkiyə Prezidenti

Ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

Türkiyə Prezidenti bildirib:

“Hörmətli mətbuat nümayəndələri, hörmətli qonaqlar qardaşım Əliyev ilə bir az əvvəl baş tutan görüşdə əlaqələrimizi bir daha ətraflı nəzərdən keçirmək fürsətimiz oldu. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını qarşıdakı aylarda Türkiyədə keçirəcəyik. Bildiyiniz kimi, 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-gəlişi şəxsiyyət vəsiqəsi ilə başlatmışıq. Bu addım qarşılıqlı əlaqələrimizi asanlaşdıraraq bizi bir-birimizə daha da yaxınlaşdıracaq.

Son dövrdə ikitərəfli ticarətimizdə mühüm addımlar atdıq. Preferensial Ticarət Sazişi 2021-ci il martın 1-də qüvvəyə mindi. Ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik.

“Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik.

Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik. Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır”.

Teqlər: