Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Oktyabrın 29-da Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın bir sıra regionlarının turizm nümayəndələri ilə Azərbaycan turizminin təbliğatının aparılması və həmin regionların turizm qurumları ilə ikitərəfli əməkdaşlığın qurulması məqsədilə onlayn konfrans keçirilib.

Bu barədə AzerTimes-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Təbdirdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Naxçıvan Turizm Departamentinin əməkdaşları və bir sıra yerli turizm şirkətlərinin təmsilçiləri olmaqla, Rusiyanın Sverdlovsk, Krasnodar, Astraxan vilayətlərinin, Tatarıstan Respublikasının turizm üzrə ixtisaslaşmış qurumlarının və həmin regionlarda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Rusiya regionlarında Azərbaycan turizminin təbliğinə dair tədbirlər planı müzakirə edilib.

Bundan əlavə, tədbirdə Azərbaycanın turizm destinasiyası kimi təqdimatı, həmçinin Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin nümayəndəsi tərəfindən Naxçıvanın turizm məhsullarının nümayişi keçirilib.


Konfrans çərçivəsində Krasnodar, Sverdlovsk, Astraxan vilayətlərinin və Tatarıstan Respublikasının turizm məhsulları haqqında məlumat verilib.

Qeyd edək ki, Rusiyanın ərazi vahidləri səviyyəsində Azərbaycan turizminin təbliğatı əsasən Sverdlovsk vilayəti ilə işgüzar və müalicəvi turizm sahəsində, Krasnodar vilayəti ilə “İter Vitis” şərab marşrutu üzrə şərab və qastronomik turlar, Tatarıstan Respublikası ilə tarixi və mədəni irs, Astraxan vilayəti ilə Xəzər dənizində kruiz marşrutlarının yaradılması istiqamətində keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, 2021-ci ilin sentyabrında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 18967 nəfər təşkil edib ki, bu da 2020-ci ilin sentyabrı ilə müqayisədə 165 faiz artım deməkdir.

Twitter: @cingizsafarli

Teqlər: