Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlib – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanla Rusiya arasında mövcud olan ikitərəfli
münasibətlər yeni səviyyəyə yüksəlib. Bu münasibətlərin daha
dərinləşdirilməsi üçün yeni sazişlərin, müqavilələrin imzalanması
günün tələbidir. Prezident İlham Əliyevin Rusiyaya səfəri –
ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə – diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutur.

Milli Məclisin deputatı Azər Badamov AzerTimes-ın sualına cavabında
bildirib ki, bu 30 ildə ölkələrimiz arasında münasibətlərin inkişaf
etdirilməsi və möhkəmlənməsi istiqamətində böyük yol qət
olunub.

“Belə ki, bu 30 ildə Rusiya Azərbaycanın ərazi bütövlüyünə və
dövlət müstəqilliyinə hörmətlə yanaşıb, ölkələrimiz arasındakı
münasibətlərin inkişafına və möhkəmlənməsinə xidmət edən 300-dən
çox sənəd imzalanıb.

Rusiya Azərbaycanın əsas ticari tərəfdaşıdır və qeyri-neft
məhsullarımızın ixrac olunduğu əsas bazardır. 2021-ci ildə
pandemiya davam etməsinə baxmayaraq, ölkələrimizarası ticarət
dövriyyəsi 16% artaraq, 3 milyarda yüksəlib. Rusiya Azərbaycana 4,5
milyard dollar investisya yatırıb və ölkəmizdə fəaliyyət göstərən
ortaq şirkətlərin sayı 950-yə yüksəlib. Azərbaycan da öz növbəsində
Rusiyaya 1,5 milyard dollar sərmayə yatırmşdır. Qarşılıqlı
investisyaların yatırılmasının genişlənməsi ölkələrarası iqtisadi
əməkdaşlığın genişlənməsinə təkan verib.

Təbii ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı dövlət
başçılarımız arasındakı şəxsi münasibətlər üzərində daha da
möhkəmlənib. Prezident İlham Əliyevin Rusiyaya etdiyi hər bir
səfəri ölkələrimiz arasında strateji əməkdaşlığın inkişafına xidmət
edən yeni sənədlərin imzalanması ilə yadda qalıb. Azərbaycan bu
illərdə müstəqil xarici siyasət yürütmüş və imzalanmış hər bir
sənəddə ölkəmizin milli maraqları öz əksini tapıb.

Cənab Prezidentin Moskvaya növbəti səfəri də bu baxımdan
ölkələrimizarası münasibətlərin inkişafına yeni bir səhifə
açacaqdır. Səfər çərçivəsində dövlət başçılarımızın imzaladıqları
müttəfiqlik haqqında bəyannamə imzalandı. Bu sənəd 43 bənddən
ibarət olmaqla ölkələrarası münasibətlərin yeni çağırışlara uyğun
formalaşmasına yol açacaq hüquqi baza yaradacaqdır. Bəyannamədə
Azərbaycanla Rusiya arasında bu günə qədər imzalanmış sənədlərdə
nəzərdə tutulmuş strateji məsələlər özündə ehtiva etdirməklə yeni
dövrün çağırışlarına uyğun münasibətlərimizin möhkəmlənməsinə və
ölkələrimizin təhlükəsizliyinin qorunmasına xidmət edəcək yeni
tədbirlər də nəzərdə tutulub”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə
AzerTimes-a açıqlamasında
bildirib ki, fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham
Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı
müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin bütün müddəaları
Azərbaycanın milli maraqlarına tam uyğundur. Hətta bu sənədi
Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə
növbəti dəstək kimi də qiymətləndirmək olar.

“Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı
olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,
sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək
münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına
dair öhdəlikdir.

Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik
şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da
inkişafına həm də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya
Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq
əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki, Prezidentimizi 60
illik yubileyi münasibətilə təbrik edən Prezident Vladimir Putin
xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi
xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm
məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa
gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə yetiriləcək.

Əlbəttə, dövlət başçıları arasında bu cür səmimi və etibarlı
münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və
firavan şəraitdə rahat yaşaması üçün zəruridir. Bu baxımdan da
Moskva Bəyannaməsinin əhəmiyyətini yüksək qiymətləndirmək olar”, –
deyə deputat bildirib.

Deputat əlavə edib ki, Moskva Bəyannaməsində ölkələrin
müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd
olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır.

Deputat Vüqar Bayramov isə AzerTimes-ın sualına cavab olaraq
bildirib ki, Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin
qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi
bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək
münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına
dair öhdəlikdir.

“Bunun indiki sürətlə dəyişən regionda necə vacib olduğunu
təsəvvür etmək çətin deyil. Sənəddə ölkələrin müstəqilliyinin və
ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı
yeni düzən fonunda olduqca vacib məqamdır. Bəyannamədə hər iki
ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər
bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik
götürürlər”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, sənəddə mühüm məqamlardan biri də 10 noyabr
2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar
2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli
bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin
vurğulanmasıdır.

“Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün
yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur dəhlizinin
yenidən bərpası kimi öhdəliklərin reallaşmasına yeni dəstəkdir”, –
deyə deputat əlavə edib.

Teqlər: