Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeni sahələri və inkişaf imkanlarını müəyyənləşdirmək vacibdir – Fərid Şəfiyev

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeni sahələrini, eləcə də inkişaf etdirilməsi mümkün olan sahələrdə mövcud potensialı müəyyənləşdirmək vacibdir.

AzerTimes-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, il Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sənədin imzalanması ilə başlasa da, sonra 8 ay ərzində irəliləyiş olmayıb.

F.Şəfiyev qeyd edib ki, Rusiyanın sülhməramlı fəaliyyəti ümumilikdə regionda sabitləşdirici rol oynayır.

“Burada müəyyən məsələlər var. Biz problemlərin öhdəsindən gəlmək üçün müzakirələr aparırıq. Bu, çox vacib məsələlərdən biridir. Hər hansı mənfi fəsadlardan qaçmaq üçün ekspertlər buna böyük diqqət ayırmalıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin bərpası üzrə işlərdə iştirakı çox vacibdir, belə ki, Ermənistanın dəmir yolları bu ölkəyə məxsusdur.

“Biz ekspert seminarları, müzakirələr keçirməliyik. Rusiyanın da fəal iştirak etdiyi sərhədlərin delimitasiyası və demarkasiyası üzrə blok Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi üçün müsbət mühit yaradır. Bizim üçün çox vacibdir ki, Cənubi Qafqaz Türkiyə və Rusiya arasında rəqabət deyil, əməkdaşlıq regionuna çevrilsin. Bu baxımdan, hesab edirəm ki, ekspertlərin rolu çox vacibdir”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: