Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib.

AzerTimes-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani və onların rəhbərlik etdikləri Komissiyanın hər iki tərəfdən olan üzvləri iştirak ediblər.

İclas iştirakçılarını səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə, iclasın Azərbaycan üçün əlamətdar bir günə – Müstəqilliyin Bərpası Gününə təsadüf etdiyini və ilk dəfə olaraq bu bayramın ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edildiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, 1994-cü ildə əsası qoyulmuş Azərbaycan və Qətər arasındakı diplomatik münasibətlərin bu gün yüksək səviyyədə olması, ölkələrimizin mühüm əhəmiyyətli məsələlərin həllində daim bir-birlərini dəstəkləməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı hər iki ölkənin mənafeyinə cavab verir. Azərbaycan və Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin birgə qərarı əsasında yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti dövrü ərzində ikitərəfli münasibətlərin bir çox istiqamətlərində inkişaf dinamikasının müşahidə olunduğunu qeyd edib. Komissiya yaradıldığı vaxtdan ötən dövr ərzində görülən işlərdən danışan nazir, ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdiriləcəyinə əminlik ifadə edib.

Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Qətər iş adamlarını, biznes dairələrini və sərmayəçilərini həmin ərazilərə sərmayələrin yatırılmasına dəvət edib.

Bundan əlavə, 2021-ci ilin 1 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov, Qətər biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Qətər sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.
Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri olan Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani səmimi görüşə görə təşəkkürünü bildirib, Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb.
Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Birgə Komissiyanın gördüyü işlərin əhəmiyyətini qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində işgüzar əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu, bu imkanlardan qarşılıqlı faydalı əsasda yararlanmaq üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iki ölkə liderlərinin müdrik qərarlarına və siyasi iradəsinə söykənərək ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi baxımından Komissiyann üzərinə düşən vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıblar.

Teqlər: