Mayın 28-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə
Polşa Respublikasının Turizm Palatası arasında turizm sahəsində
qarşılıqlı əməkdaşlığa dair anlaşma memarandomu imzalanıb.
Assosiasiyadan AzerTimes-a
verilən məlumata görə, sənədə əsasən iki ölkənin turizm təşkilatı
birgə fəaliyyət göstərərək Azərbaycanla Polşa arasında turizm
əlaqələrinin genişləndirilməsinə və inkişafına, qarşılıqlı turist
səfərlərinin sayının artırılmasına, birgə infoturların təşkil
olunmasına, eləcə də təcrübə mabadiləsinin həyata keçirilməsinə
dəstək olacaqlar.
Polşa Respublikasının Bakıdakı səfirliyində baş tutan görüşdə
Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev tədbir
iştirakçılarına Azərbaycandakı Polşa mədəni irsi, ölkənin turizm
imkanları, turizm marşurutları, işğaldan azad olunan Qarabağ
bölgəsinin turizm potensialı haqqında ətraflı məlumat verib. Rüfət
Hacıyev tarixi və mədəni əlaqələr baxımından Azərbaycanın polşalı
turistlər üçün cəlbedici turizm destinasiyası olduğunu diqqətə
çatdırıb.
Azərbaycan və Polşa respublikaları arasında xoş və mehriban
əlaqələrin mövcud olmasından məmunluğunu bildirən Polşa
Respublikasının Turizm Palatasının vitse-prezidenti Dariuş Vojtal
bir çox sahələrdə olduğu kimi turizmdə də əlaqələrin
genişləndirilməsində və inkişafında ölkəsinin maraqlı olduğunu qeyd
edib. O, bu gündən etibarən “LOT Polish Airlines” şirkətinin
Varşava-Bakı marşrutu üzrə müntəzəm uçuşlara start verdiyini
bildirib. Dariuş Vojtal Polşanın turizm sahəsində əldə etdiyi
təcrübəsini Azərbaycanla hər zaman bölüşməyə hazır olduğunu
deyib.
Görüşdə ATAA ilə Polşanın Turizm Palatası turizm sahəsində
qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün
fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.