Azərbaycanla Oklahoma ştatı arasında oxşarlıqlar çoxdur. Oklahoma da neft və qaz ixracı ilə məşğuldur. Hazırda enerjimizin 40 faizini külək enerjisindən əldə edirik. Günəş enerjisindən istifadə imkanları üzərində işləyirik və Azərbaycanın bu sahədə çalışdığını, ölkənizin alternativ enerji mənbələrinə maraq göstərdiyini görürük. Azərbaycandan yeni xətlər çəkilib ki, bunun vasitəsilə Azərbaycan qazı Avropaya çıxış əldə edib. Burada təbii ki, ABŞ-ın da dəstəyi olub.
Trend xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stitt jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunan qubernator yüksək təəssüratları olduğunu deyib. “Biz enerji, şaxələnmə, yeni aeroportlar, dəmiryolları, yeni konstruksiya layihələri barədə müzakirələr apardıq. Görüşümüz səmimi idi. Həmçinin, təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında anlaşma memorandumu imzalandı. Oklahoma Universiteti azərbaycanlı tələbələrin ödəniş haqqının 57 faizini ödəməyə hazırdır. Hətta mənimlə birgə gələn heyətdə həmin universitetin professoru da var. Səfərimizin məqsədlərindən biri də kənd təsərrüfatı sahəsində çalışan şirkətlərimizi Azərbaycana cəlb etməkdir”, – deyə qubernator əlavə edib.
Azərbaycanın digər regionlarına da səfər etməyi planlaşdırdığını deyən Con Kevin Stitt bildirib: “Bakının kənarına səfər edəcəyəm, Gəncəyə də səfərim olacaq. Sizin insanlarınız qonaqpərvər, yeməkləriniz dadlıdır”.