İran heç vaxt Azərbaycanla Naxçıvan arasında əlaqənin kəsilməsinin tərəfdarı olmayıb.
AzerTimes xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.
Bölgədə kommunikasiyaların açılması məsələsinə toxunan Abdullahian bildirib ki, həm Tehran, həm də İrəvan bu yolları vacib hesab edir və fəaliyyət göstərməli olduğunu düşünür.
O bildirib ki, Azərbaycan da “Zəngəzur dəhlizi” yaratmaq və ya bu məsələdə Ermənistana əngəl törətmək niyyətində olmadığına dair təminat verib.
Ermənistan-İran layihələrinin həyata keçirilməsinə toxunan Abdullahian qeyd edib ki, Tehran iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara, növbəti mərhələdə isə 3 milyard dollara çatdırmaq (2022-ci ilin yekunlarına görə bu, təqribən 710 milyon dollar təşkil edib – red.) hədəfinə doğru ciddi şəkildə irəliləyir.