Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanla Macarıstan arasında ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb.
AzerTimes-ın məlumatına görə, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilib.
İclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycanla Macarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rolunu vurğulayıb.
O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri diqqətə çatdırıb. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işləri barədə məlumat verib. S.Babayev Macarıstan şirkətlərinin həmin quruculuq işlərində iştiraka maraq göstərmələrinin məmnunluq doğurduğunu qeyd edib.
Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran S.Babayev bu gün ölkəmizdə bir çox macar şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forum, işgüzar görüş, digər tədbirlərin, habelə 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açılmasının və s. əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətinin əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyəti qeyd edilib. Komissiyanın bu günkü iclasının, həmçinin iclas çərçivəsində təşkil olunan Azərbaycan-Macarıstan Biznes Forumunun da bu istiqamətdə uğurlu nəticələr verəcəyinə əminlik ifadə edilib.
P.Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında strateji tərəfdaşlığından bəhs edib, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu bildirib. Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.
Daha sonra ikitərəfli əməkdaşlığa aid sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədləri imzalayıblar.
Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Sonra Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə S.Babayevin Macarıstan Respublikasının “Ləyaqət” Ordeni ilə təltif edildiyi bildirilib və P.Siyarto ordeni S.Babayevə təqdim edib.