Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq əlaqələri genişlənir – Kamaləddin Qafarov

Xəbər verildiyi kimi, mayın 18-də Litva Respublikasının
Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib.

Səfərlə bağlı öz fikirlərini paylaşan Milli Məclisin deputatı
Kamaləddin Qafarov bildirib ki, Litva Prezidentinin Azərbaycana bu
səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm
töhfələr verəcək: “Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata
bəyanatla etdiyi çıxışında da xüsusi olaraq vurğuladı ki,
Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu
baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə
Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün
Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli
gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq
mövcuddur. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini ifadə
edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və
qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə
almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq
formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş
imkanlar meydana çıxıb. Təəssüf ki, Ermənistan hələ də Cənubi
Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq
başlanmasına həvəs göstərmir. Dövlətimizin başçısı bu məqamı da
qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı
Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və
bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir. Ehtimal
etmək olar ki, Ermənistan həmin prinsipləri qəbul edərək sülh
sazişini imzalayacaq”.

Millət vəkilinin fikrincə, Litvanın Azərbaycan-Avropa İttifaqı
yaxınlaşmasını dəstəkləməsi müsbət haldır. Prezident İlham Əliyevin
2022-ci il 6 aprel tarixli Brüssel səfərinin ölkəmizin milli
maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib
addım olduğunu vurğulayan Kamaləddin Qafarov bildirib ki, son illər
ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni
inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və
təmasların nəticəsidir: “Prezident İlham Əliyev öz çıxışında
Litvanın dövlət başçısı ilə uğurla inkişaf edən Avropa
İttifaqı-Azərbaycan əməkdaşlığının da geniş şəkildə müzakirə
etdiklərini bildirdi. Azərbaycan Prezidenti bir daha vurğuladı ki,
Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Demək lazımdır
ki, Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları
getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin
təmin olunması məsələsi daha konkret formatlarda ortaya qoyulur.
Məhz bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44
günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul
edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni
reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün
bərqərar olunmasına əməli töhfələr verə biləcək işlək formatın
yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham
Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və
apardığı danışıqların nəticəsi olaraq yaranıb.

Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin
olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən
biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi
proseslər, bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli
hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının
Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət
niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa
başlaması tamamilə anlaşılandır. Təbii ki, bu region istər enerji
resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər
zaman böyük dövlətlərin diqqətini cəlb edib. Prezident İlham
Əliyevin dediyi kimi, hazırda Azərbaycana etibarlı və uzunmüddətli
bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar
lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə
əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə
ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi
qəbul edilir”.

Kamaləddin Qafarov Heydər Əliyev Mərkəzində keçirilmiş
Azərbaycan-Litva biznes forumu ilə əlaqədar deyib: “Birmənalı
olaraq qeyd etməliyik ki, bu gün həm Azərbaycanın, həm də Litvanın
iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında
son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər
Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki
ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların
mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası
üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da
vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə
hökumətlərarası komissiya işgüzar dairələrin səylərini
əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar
yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti
investorlar üçün çox əlverişlidir. Əgər ölkənin investisiya
proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna
investisiya qoyulurdusa, hazırda bərpaolunan enerji sahəsində
birbaşa xarici investisiyalar yer tutur. Bu ilin əvvəlində xarici
investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik
stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da
əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə
demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes
əlaqələrinin inkişafına güclü təkan verəcək”.

Teqlər: