“İtaliyanın xarici işlər naziri Luici Di Maionun bu ilin 2
aprel tarixində Azərbaycana rəsmi səfəri tərəfdaşlığımızın daha da
gücləndirilməsinə müsbət təkan verdi”
Azərbaycan və İtaliya arasında qədim tarixə və ənənəvi dostluq
münasibətlərinə əsaslanan əlaqələr son 30 ildə böyük inkişaf yolu
keçib: hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək
səviyyəli münasibətləri olan ölkələrimiz arasında strateji
tərəfdaşlıq mövcuddur.
AzerTimes xəbər verir ki, bunları
Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər
Komitəsinin ötən həftə Reccia di Venariada baş tutan görüşü
çərçivəsində “Agenzia Nova”ya müsahibəsində deyib.
“İtaliyanın xarici işlər naziri Luici Di Maionun bu ilin 2 aprel
tarixində Azərbaycana rəsmi səfəri tərəfdaşlığımızın daha da
gücləndirilməsinə müsbət təkan verdi. Səfər çərçivəsində
münasibətlərimizin tarixində ilk dəfə olaraq, Azərbaycan
Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun ilk
iclası keçirildi. Ölkələrimiz arasında strateji dialoqun
yaradılması, Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin
fevral ayında İtaliyaya dövlət səfəri zamanı iki ölkənin hökumət
başçıları tərəfindən imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın
Gücləndirilməsinə dair Birgə Bəyannamə”də öz əksini tapmışdır”,
nazir əlavə edib ki, Bakıda strateji dialoqun ilk iclasının
keçirilməsi bizə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi
ilə bağlı hərtərəfli müzakirələrin aparılmasına gözəl imkan
yaratdı. Hazırda ölkələrimiz arasında yüksək səviyyəli siyasi
dialoq mövcuddur, habelə iqtisadi, energetika, humanitar, o
cümlədən mədəniyyət və təhsil sahələrində qarşılıqlı faydalı
əməkdaşlığımız məmnunluq doğurur. Həmkarımın səfəri çərçivəsində
İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi baş tutdu.
Mədəniyyət sahəsində intensiv mübadilələr mövcuddur. Azərbaycan
hökuməti tərəfindən İtaliyanın maddi-mədəni irsinin bərpası
sahəsində bir sıra layihələr həyata keçirilməsinə dəstək
göstərilib. Yaxın zamanda ölkəmizin İtaliyadakı səfirliyinin
nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsi nəzərdə
tutulur. Biz çətin mərhələdə də bir-birimizin yanında olduğumuzu
nümayiş etdirmişik, pandemiya zamanı Azərbaycan-İtaliya dostluq və
tərəfdaşlığı möhkəmlənib, tərəflər o zamanlarda bir-birinə
yardımlar edib. Bütün bu sadalananlar ölkələrimiz arasında
münasibətlərin gələcək inkişafı ilə bağlı çox müsbət düşünməyə əsas
verir. İnanırıq ki, ikitərəfli strateji əlaqələrimiz gələcəkdə daha
da möhkəmlənəcək və genişlənəcəkdir”, – Bayramov əlavə edib.
Nazir vurğulayıb ki, Azərbaycan ilə İtaliya arasında strateji
iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır və
ölkəmiz İtaliyanın əsas xam neft, ötən ildən başlayaraq isə təbii
qaz təchizatçılarından biridir. Cənub Qaz Dəhlizi və onun tərkib
hissəsi olan TAP layihəsi İtaliyanın enerji təhlükəsizliyini
möhkəmləndirən, eyni zamanda İtaliyanın qaz bazarında qiymətlərin
sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir.
Cari ilin may ayınadək Trans-Adriatik təbii qaz boru kəməri
(TAP) vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən
İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilmişdir.
2022-ci ildə Azərbaycandan İtaliyaya 9.5 milyard kub metr təbii qaz
təchizatı proqnozlaşdırılır. TAP hazırda İtaliyanın qaz tələbatının
təxminən 10%-ni qarşılayır. Tam genişlənmə və ötürmə qabiliyyətinin
iki dəfə – 20 milyard kubmetrə qədər artırılacağı təqdirdə, TAP
İtaliyanın qaza olan tələbatının 20-25%-ni ödəyə bilər”.
“Ümumiyyətlə, Avropa İttifaqı və onun bəzi üzv ölkələri Ukraynada
baş verən hadisələrdən öncə də Azərbaycandan enerji resurslarının
nəqlinin artırılmasına maraq nümayiş etdirmişlər. Bəzi ölkələrdən
onların öz enerji istehlakında kömürün qazla əvəz edilməsinə və
enerji keçidinə töhfə üçün Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara
doğru genişləndirilməsi ilə bağlı müvafiq sorğular alınmışdır.
Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan uzun illərdir
Avropanın enerji təhlükəsizliyinə və təchizat mənbələri və
marşrutlarının şaxələndirilməsinə töhfə verməklə özünü etibarlı
tərəfdaş kimi təsdiq etmişdir. Təbii ki, Azərbaycan qazının daha
geniş Avropa məkanına nəqli əlavə resurs bazasına sərmayələrin cəlb
edilməsi deməkdir və biz, bu məsələdə Avropa İttifaqı və üzv
ölkələrin dəstəyinə ümid edirik”, deyərək Bayramov davam edib.
“Elektrik enerjisinin ixracı sahəsində təcrübəyə malik Azərbaycan
Avropa İttifaqını da elektrik enerjisi ilə təmin etmək potensialına
malikdir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə ənənəvi enerji
resurslar ilə yanaşı, hidrogen və bərpa olunan enerji sahəsində də
əməkdaşlıq imkanlarını nəzərdən keçirir. 2030-cü ilə qədər ölkənin
ümumi enerji balansında bərpa olunan enerjinin payının 30%-ə
çatdırılması əsas hədəf kimi müəyyən edilib. Dənizdə külək
enerjisinin inkişafı və ölkəmizin işğaldan azad edilmiş
ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində
konkret addımlar atılmaqdadır. Beləliklə, Azərbaycan neft-qaz və
elektrik enerjisi üzrə təchizatçı rolunu bərpa olunan enerjinin
ixracı ilə genişləndirə bilər. Göründüyü kimi, qlobal enerji
bazarında Azərbaycan kommersiya maraqlarından çıxış edir və digər
ölkələrin bazar payını əvəz etmək və ya onlarla rəqabət etmək
məqsədi qarşısına qoymur”, deyərək azərbaycanlı nazir davam
edib.
İkitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla
aparılan dialoq barədə danışan Bayramov vurğulayıb ki,
“Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə
əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin
edilməsindən ibarət olub. Hətta ərazilərimizin bir hissəsi 30 ilə
yaxın işğal altında olduğu zaman, Azərbaycan münaqişəni sülh və
danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində
danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin
işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu
Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin
imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır.
Biz, bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq
platformalardan faydalanmağın tərəfdarıyıq. Bu xüsusda, qeyd edib
ki, “Avropa Şurasının da etimad quruculuğu tədbirlərinin həyata
keçirilməsinə töhfə verə biləcəyini düşünürük. AŞ Baş katibinin
təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan və Ermənistan vətəndaş
cəmiyyəti nümayəndələrinin ilk görüşü keçirilib və bunu müsbət
qiymətləndiririk. Bu günədək iki ölkənin xarici işlər nazirlərinin
iştirak etdiyi beynəlxalq platformalarda görüşlərin keçirilməsi
təcrübəsi mövcud olub. AŞ Nazirlər Komitəsinin Turin görüşündə belə
bir görüş keçirilmədi, lakin hesab edirik ki, ümumiyyətlə bu kimi
beynəlxalq çərçivələrin sülh dialoquna müsbət töhfəsi ola bilər. Ən
əsası isə əlbəttə ki, hər iki tərəfin sülhü yaratmaqla bağlı möhkəm
iradəsini nümayiş etdirməsidir. İtaliyanın yanaşmasına gəldikdə
isə, İtaliyanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə
əsaslanıb, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyünə hər zaman dəstək verib və bölgədə sülhün təmin
olunmasına çağırıb. Biz, hazırda azad edilmiş ərazilərdə aparılan
bərpa və yenidən qurma prosesində İtaliya şirkətlərinin iştirakını
yüksək qiymətləndirir və bunun bölgənin gələcək sülh və tərəqqisinə
töhfə olduğunu hesab edirik.
Bayramov xatırladıb ki, “2020-ci il 9/10 noyabr tarixli
üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında hərbi
əməliyyatlara son qoydu: Ermənistan silahlı qüvvələri Azərbaycan
ərazilərindən çıxarıldı və Azərbaycanın ərazi bütövlüyü təmin
edildi. Doğrudur, ümumilikdə bölgədəki cari vəziyyəti müsbət
qiymətləndirmək olar, lakin bəyanatın bəzi müddəaları Ermənistan
tərəfindən hələ də tam yerinə yetirilməyib. Hesab edirik ki,
bölgədə sülh quruculuğu üçün ilk növbədə, üçtərəfli bəyanatlar,
habelə sonrakı görüşlərdə, o cümlədən Brüsseldə Aİ Prezidentinin
iştirakı ilə baş tutan iki ölkə liderlərinin görüşlərində əldə
edilən razılaşmaların həyata keçirilməsi olduqca vacibdir.”
O ki, qaldı Rusiya-Ukrayna müharibəsi və onun bölgədəki
vəziyyətə təsiri məsələsinə, nazir ilk öncə bildirdi ki,
“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri
mövcuddur, burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və
yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir.
Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur.
Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün
tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında
birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim
ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində
hər iki ölkənin başçısı ilə telefon danışıqları olub. Azərbaycan
beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini
həmişə rəhbər tutur. Azərbaycan özü 30 ilə yaxın hüquqi
ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn
irəli sürdüyü, tələb etdiyi normalara əməl olunması tərəfdarıdır.
Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü
çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini
önə çəkməsi təbiidir. Qeyd etmək istərdim ki, Azərbaycan Ukraynaya
ilk humanitar yardım göstərən ölkələr sırasında olub. Bu günədək
tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım
göstərilib.”