Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan-İtaliya dövlətlərarası münasibətləri həm siyasi, həm iqtisadi, həm də humanitar baxımdan hazırda ən yüksək səviyyədədir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi və siyasi deyil, eyni zamanda, bu əlaqələri daha da möhkəmləndirən güclü humanitar komponent üzrə aparılır: “Əminik ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək. İtaliyanın yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana tez-tez səfərləri, eyni zamanda, İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, o cümlədən iqtisadi layihələrin həyata keçirilməsində aktivlik göstərməsi iki ölkə arasında münasibətlərdə parlaq bir səhifə açır”.
Deputat vurğulayıb ki, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya çox uğurlu dövlət səfəri reallaşdı: “Bu səfər çərçivəsində bir sıra əhəmiyyətli sənədlər imzalandı. Bu sənədlərin fövqündə dayanan isə məhz “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” idi. Bu sənədin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoydu. Sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapıb. Bu Bəyannamədən irəli gələn işlər artıq sürətlə həyata keçirilməyə başlayıb”.
44 günlük Vətən müharibəsi zamanı İtaliyanın obyektiv və ədalətli mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bir daha öncə çəkən S.Mikayılova iki ölkə arasında bu əlaqələrin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri olduğunu xüsusi vurğulayıb: “Vatikanla əlaqələrin inkişaf etdirilməsi istiqamətində Mehriban xanım Əliyeva tərəfindən mühüm işlər görülüb. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Sebastian katakombaları, Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub və görülən bu işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə böyük minnətdarlıq ifadə olunub”.
Deputat bilidirib ki, Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır: “Bu mənada Mədəniyyət Mərkəzinin yaradılması barədə qərar çox mühüm bir addım idi. Həmçinin, bu əməkdaşlıq çərçivəsində İtaliya universitetinin yaradılması, o cümlədən, İtaliya ilə Azərbaycan arasında tələbə mübadiləsinin həyata keçirilməsi kimi planlar təhsil sahəsində əlaqələri gücləndirəcək.
Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birilərini daha yaxından tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Ümumilikdə, humanitar istiqaməti əsas götürərək, xüsusilə, İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxara bilər”.
S.Mikayılova əlavə edib ki, İtaliya ilə Azərbaycan arasında parlamentlərarası münasibətlər də uğurla inkişaf edir, son dövrdə İtaliyanın parlamentariləri bir neçə dəfə ölkəmizdə səfərdə olublar: “Bu günlərdə İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərliyi ilə İtaliya nümayəndə heyəti Azərbaycanda səfərdə olub və çox səmərəli müzakirələr aparılıb.
Sevindirici haldır ki, iki ölkə arasında əməkdaşlıq imkanları daha da genişlənməklə, fərqli çalarlar qazanıb. Belə ki, hazırda həm siyasi, həm də iqtisadi gündəliyin əsas istiqamətləri işğaldan azad edilmiş ərazilərin bərpası, yeni layihələrin həyata keçirilməsinə fokuslanıb”.