Xəbər - Elçin Mehdiyev – Trend:
Martın 11-də Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və
humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün
Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası
Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam
Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının
Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası
arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında
Anlaşma Memorandum imzalandı.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı
Azər Badamov bildirib ki, bu Anlaşma Memorandumu
regional əhəmiyyətli tarixi sənəddir.
O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təmin
etdiyi Böyük qələbəsi ilə regionda yeni reallıq yaradıb.
“Bu yeni reallıq region ölkələrin baxışlarını dəyişib, gələcəyə
daha inamla baxmağına imkanlar formalaşdırıb. Azərbaycan və
Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlarda Zəngəzur
dəhlizinin açılması və region ölkələrin əməkdaşlığı üçün yeni
format razılaşdırılıb. Amma Ermənistan yenə də öz düşmənçilik
xislətindən əl çəkməyərək bu bəyanatların icrasının həyata
keçirilməsinə konstruktiv yanaşmır və zamanı uzatmaqla
kommunikasiyaların açılmasnıı manipulyasiya etməklə özünün əlində
də hər hansı bir təsir vasitəsinin qaldığını nümayiş etdirməyinə
çalışır.
Əslində imzalanmış üçtərəfli bəyanatlarda kommunikasiyaların
açılması və Zəngəzur dəhlizi vasitəsilə manesiz keçidin təmin
edilməsi ilə bağlı Ermənistanın rəsmi imza atdığı öhdəliyi
mövcuddur. Bu dəhlizin açılması zamanın işidir və cənab Prezidentin
qeyd etdiyi kimi əgər Ermənistan öz xoşu ilə Zəngəzur dəhlizin
açılmasında iştirak etməzsə biz onu məcbur edəcəyik.
Təbii ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl dalana salınmış
Ermənistanın özü üçün bir ümüd yeridir. Çünki, qonşu ölkələrə olan
ərazi iddialarından Ermənistanın qonşu dövlətlərlə yolları
bağlıdır. Amma Ermənistan yaranmış bu fürsəti lazımı dəyərləndirə
bilmədi”, – deyə deputat bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev uzaq görən siyasətçi və
regionda perspektivli layihələri reallaşdıran bir liderdir.
“Bu gün cənab Prezidentin təşəbbüsü və təşkilatçılığı ilə
reallaşmış enerji nəqliyyat və tranzit nəqliyyat dəhlizləri
qitələri birləşdirmiş və ölkələr arası münasibətlərin
möhkəmlənməsinə və regional təhlükəsizliyin təmin olunmasına xidmət
etməkdədir”, – deyə A.Badamov əlavə edib.
Milli Məclisin deputatı Elşən Musayev isə
AzerTimes-a açıqlamasında
bildirib ki, Azərbaycanla İran arasında yeni kommunikasiya
bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu həqiqətən
çox böyük tarixi hadisədir.
“Eyni zamanda xüsusi sevindirici hal odur ki, hazırda bütün
qlobal təşəbbüslər, nəhəng regional layihələr, mühüm yeniliklər
məhz Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilir. Belə
layihələr Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini
dəyişdirir, daha geniş coğrafiyanın enerji təhlükəsizliyini təmin
edir, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun
inkişafına mühüm təsirini göstərir.
Xüsusilə vurğulamaq lazımdır ki, Şərqi Zəngəzur iqtisadi rayonu
ilə Naxcıvan MR arasında yeni kommunikasiya bağlantılarının
yaradılması geostrateji müstəvidə Azərbaycanın yeni və tarixi
qələbəsidir. Memorandumun məqsədi bölgədə, konkret olaraq məlum
istiqamətdə yeni dəmir və avtomobil yolu əlaqəsinin, eyni zamanda
rabitə və enerji təminatı xəttlərinin yaradılmasıdır. Bu məqsədə
nail olmaq üçün Araz çayı üzərində piyada keçidi də daxil iki
avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün və
rabitə, enerji infrastrukturunun tikintisi nəzərdə tutulur.
Üstəlik, bütün bu proseslərin çox qısa müddətdə həyata keçrilməsi
planlaşdırılır. Belə ki, artıq hər iki hökümətin nümayəndələrinə
konkret tapşırıqlar verilib. Yəni, iş sürətli gedir və tez bir
zamanda reallaşacaq”, – deyə deputat bildirib.
O qeyd edib ki, bütün məlum gerçəkliklər onu deməyə əsas verir
ki, Azərbaycan bölgədə öz mövelərini gücləndirməyə davam edir.
“Eyni zamanda dövlətimizin nüfuzu günü gündən artır. Bu isə ölkə
başçımız, cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün və
məqsədyönlü siyasətlə birbaşa əlaqədardır”, – deyə o əlavə
edib.