Azərbaycanla İordaniya arasında əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Yanvarın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Göşeh ilə görüşüb.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, spiker qonağı salamlayaraq, Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasındakı səmimi dostluq münasibətləri, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi, aparılan danışıqlar və tərəflər arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Siyasi müstəvidəki müsbət dialoq digər sahələrdə də intensiv əlaqələrin qurulmasına şərait yaradır. Heç də təsadüfi deyildir ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi sahədə əlaqələrimizi daha da dərinləşdirmək üçün geniş imkanlar var.

Milli Məclisin Sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq platformalarda mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Bu, bölgə həqiqətlərinin, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətlidir.

Sədr qonağa diplomatik fəaliyyətində uğurlar arzulayaraq, onun səfir kimi iki ölkə arasında əməkdaşlığın inkişafına layiqli töhfələr verəcəyinə inamını ifadə edib.

Teqlər: