Azərbaycanla imzalanan protokol Türkiyədə qüvvəyə mindi

Azərbaycanla imzalanan protokol Türkiyədə qüvvəyə mindi

Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə qanun “Rəsmi Qazete”də dərc olunub.

Bildirilib ki, qanun dərc olunduğu gündən qüvvəyə minir.

Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin yenilənmiş variantına əsasən, tərəflər protokolda qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər edəcəklər.

Əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və yaxud əlavə gömrük rüsumu göstərilib.

Bundan başqa, sənədə görə, Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi” çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır.

Beləliklə, 15 növ kənd təsərrüfatı və digər Azərbaycan və türk mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir (pendir, çay, şəkər, meyvə-tərəvəz çeşidləri və s.). Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə Respublikası ilə də preferensial ticarət Sazişi imzalanıb. Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin 31 may tarixində 115-VIQ nömrəli qanunla təsdiq edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarat Sazişinə dəyişiklik haqqında Protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb. Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək. Protokola əsasən, tərəflər əlavələrində qeyd olunmuş mallara ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokola əlavədə qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər verəcəklər. Hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə rüsumu bu əlavələrdə göstərilib. Əlavələrdə sadalanan 15 növ Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə idxal ediləcək sənaye və digər mallara preferensial ticarət rejimi çərçivəsində tətbiq ediləcək güzəştlər göstərilir. Buraya spirtli içki növləri, yarımfabrikatlar, karton malları, qablaşdırma və bükmə üçün avadanlıq, müxtəlif növ aparatura və s. kimi mallar aiddir.

Bütövlüklə, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan və Türkiyə arasında tətbiq ediləm preferensial ticarət rejimi çərçivəsində ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək. Həmçinin bu Protokol mövcud Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş müddəti Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddətə nəzərdə tutulur.

Azərbaycan Milli Məclisi 2023-cü il iyulun 6-da sazişə dəyişikliyi təsdiqləyib.

Teqlər: