Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişaf perspektivi müzakirə edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Fevralın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Parlamentdən AzerTimes-a verilən məlumata görə, spiker qonağı salamlayaraq, Azərbaycanın dost və qardaş Gürcüstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün Azərbaycan və Gürcüstan həyatın ən müxtəlif sahələrində faydalı əməkdaşlıq edirlər. İki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir.

Bildirilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi sahədə yüksək göstəricilərin əldə edilməsinə zəmin yaradıb. Bu gün iki dost və qonşu ölkə olaraq Azərbaycan və Gürcüstan qlobal layihələrin reallaşmasında, bölgədə rifahın bərqərar olunmasında səmərəli fəaliyyət göstərirlər.

Sədr qeyd edib ki, parlamentlər səviyyəsində də münasibətlərin dərinləşməsi ümumi məqsədlərə xidmət edir: “Deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Biz Azərbaycanın apardığı Vətən müharibəsində – 44 günlük savaş dönəmində Gürcüstanın göstərdiyi mövqeyi yüksək qiymətləndiririk. İnanırıq ki, bu münasibətlər gələcəkdə daha da dərinləşəcək”.

Teqlər: