“Rusiya özünün “sülhməramlı” statusundan yararlanaraq, istənilən vaxt bölgədə sabitliyi poza bilər”.
Yenicag.az Gürcüstanlı politoloq Gela Vasadzenin Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən gün Moskvada baş tutan görüşün nəticələrinə dair Yenicag.ru-ya müsahibəsini təqdim edir.
– Azərbaycan və Ermənistan liderlərinin bu görüşü ötən görüşlərdən nə ilə fərqləndi? 44 günlük müharibədən sonra Qarabağ danışıqlarının strukturunda hansı dəyişikliklər olub?
– Münaqişənin mövcud olduğu uzun müddət ərzində Azərbaycan və Ermənistan liderlərinin görüşləri öz fərqliliklərilə seçilib. Biz Ki-Uest, Madrid, Kazan, Düşənbə və başqa şəhərlərdə keçirilmiş görüşləri xatırlayırıq. Əlbəttə, iki ölkə lideri arasında keçirilən bu görüşün əsas fərqli cəhəti gündəliyin dəyişməsidir. Tərəflərin qarşısında duran vəzifələr müxtəlifdir. Azərbaycan indiki halda Rusiya sülhməramlı kontingentinin iştirakı fonunda olsa belə Qarabağ üzərində nəzarətin hüquqi baxımdan rəsmiləşdirilməsinə çalışır. Ermənistan mövcud durumda Qarabağın statusu məsələsinin yenidən müzakirəyə çıxarılmasına cəhd göstərir. Rusiya isə yaranmış yeni situasiyadan öz təsir imkanlarını artırmaq üçün yararlanmağı düşünür.
– Sizcə, 44 günlük müharibədən sonra Rusiyanın regiondakı mövqeyi güclənib, yoxsa zəifləyib?
– Moskvanın regiondakı potensial mövqeyi güclüdür. Rusiya qərb istiqamətində – Ukrayna və “Şimal axını-2” layihəsi üzrə problemlə qarşılaşsa da, cənub istiqamətində situasiyanı öz lehinə çevirə bildi. Artıq məlumdur ki, Rusiya TANAP və TAP üzrə təbii qazın Avropaya ixracı üçün Cənubi Qafqaz qaz dəhlizinin tamamlanmasında iştirak edəcək. Dəmir yoluna gəldikdə isə, Rusiya Naxçıvana gedən dəmir yolunun Ermənistandan keçən hissəsinə nəzarəti öz əlinə alacaq. Əgər həmin dəmir yolunu Qarsa qədər uzatmaq mümkün olacaqsa, Rusiya yüklərinin daşınmasında əsasən, o yoldan istifadə ediləcək.
– Necə düşünürsüz, Kremlin hakimliyi ilə Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə nail olmaq mümkündür?
– Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh o halda mümkün olacaq ki, iki ölkə öz arasında razılığa gələrək, sülh müqaviləsi imzalayacaq. Nə qədər ki sülhün qorunması üçün sülhməramlılara, özü də Rusiya sülhməramlılarına ehtiyac olacaq, o zaman dayanıqlı sülhdən danışmaq mümkün deyil. Eyni zamanda, Rusiya özünün “sülhməramlı” statusundan yararlanaraq, istənilən vaxt bölgədə sabitliyi poza bilər.
– Türkiyənin Qarabağdakı sülh prosesinda iştirakı haqda fikriniz nədir?
– Türkiyə hərbçilərinin Qarabağda monitorinq missiyasını həyata keçirmələri Rusiya üçün yetərli qədər olmasa da, hər halda, çəkindirici elementdir. Əslində, Türkiyənin bu prosesdə iştirakının forma və miqyası Bakının siyasi iradəsindən asılıdır.
Söhbətləşdi:
Qafqaz Ömərov
www.yenicag.az