Azərbaycanla əməkdaşlıq sayəsində Gürcüstan regional iqtisadi
inteqrasiyanı dərinləşdirmək imkanı əldə edə bilər.
Bunu Trend-ə
Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan İqtisad
Universitetinin professoru Elşad Məmmədov söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin səmərəli siyasəti
sayəsində Azərbaycan özünü balanslaşdırılmış və praqmatik xarici
iqtisadi siyasət həyata keçirən ölkə kimi təqdim edir.
Ona görə də Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq cari
gündəliyin müxtəlif spektrləri üzrə müsbət nəticə verə bilər.
“Azərbaycan investisiya nöqteyi-nəzərindən Gürcüstan üçün əsas
ölkədir. Bundan əlavə, Gürcüstan Azərbaycan üçün ixrac tədarükü
baxımından vacibdir”, – E. Məmmədov bildirib.
O əlavə edib ki, eyni zamanda, regional əməkdaşlıq daha çox
iqtisadiyyatın real sektorunun inkişafı ilə bağlı birgə iri
investisiya layihələrinə yönəldilməlidir, çünki regional zəncirlər
və güclü istehsal mərkəzləri yaratmadan davamlı rəqabətə nail olmaq
çətindir.
“Gürcüstan və Azərbaycan arasında əsas əməkdaşlıq layihələri
yüksək əlavə dəyərli məhsulların istehsalına, emal sektorlarına
investisiyalar xarakteri daşımalıdır. Bu kontekstdə təkrar emala
daha çox investisiya yatırmaq lazımdır. Bu, kənd təsərrüfatına,
sənayeyə, energetikaya aiddir”, – Məmmədov bildirib.
İqtisadçının fikrincə, həm Gürcüstanın, həm də Azərbaycanın
iştirakı məqsədəuyğun olan daha genişmiqyaslı regional iqtisadi
inteqrasiyanı həyata keçirmək lazımdır.