Azərbaycanla Britaniya arasında enerji əməkdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Krallığın ixracat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni həmsədri Mike Freer arasında videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hər iki ölkənin səfirlərinin iştirakı ilə keçirilən görüşdə Hökumətlərarası Komissiyanın cari ilin may ayında baş tutmuş iclasından sonrakı dövrdə ikitərəfli əməkdaşlıqdan irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ölkələr arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində atılan konkret addımlar müzakirə edilib. Enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, iqlim dəyişikliyi problemlərinin həlli imkanlarının araşdırılmasının vacibliyi qeyd edilib. Energetika Nazirliyi və BP arasında günəş enerjisi sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədin şirkətlə bərpa olunan enerji sahəsində də əməkdaşlığı genişləndirəcəyinə, eləcə də iki ölkə arasında uzunmüddətli enerji tərəfdaşlığını uğurla davam etdirilməsinə töhfələr verəcəyinə inam ifadə olunub.

Görüşdə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin razılaşdırılması üzrə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi edilib.

Teqlər: