Azərbaycanla Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük
Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin
üzvü cənab Ceyms Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri
ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə
Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən
ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında
və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı
ətraflı məlumat verib.

Həmçinin nazir Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı
çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş
sursatlarından təmizlənərək zərərsizləşdirilməsi məqsədilə
göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

Cənab Ceyms Hippi öz növbəsində ölkələrimiz arasında qarşılıqlı
səfər və görüşlərin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm
əhəmiyyət kəsb etdiyini deyib.
Sonda hərbi sahədə əməkdaşlığın perspektivləri və digər mövzular
ilə bağlı fikir mübadiləsi aparılıb.

Teqlər: