Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İcma İnkişafı
Nazirliyi arasında ikitərəfli əməkdaşlığın qurulması üçün geniş
imkanlar mövcuddur.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, bu fikir BƏƏ-nin Dubay şəhərində keçirilən VIII
Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin icma inkişafı üzrə naziri
xanım Hessa Bint Essa Buhumaidin görüşündə vurğulanıb.
Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin yüksək
səviyyədə olduğunu vurğulayan S.Babayev siyasi, iqtisadi və digər
sahələrdə, o cümlədən bərpa olunan enerji istehsalı sahəsində
uğurlu əməkdaşlıq təcrübəsiniin mövcud olduğunu diqqətə
çatdırıb.
Xanım H.B.E.Buhumaidin 2019-cu ilin iyun ayında Azərbaycana
etdiyi səfəri məmnunluqla qeyd edən nazir ölkəmizdə sosial sahədə
aparılan islahatlar, sosial təminat sisteminin innovativ
yanaşmalar, müasir və şəffaf iş mexanizmləri əsasında
təkmilləşdirilməsi işləri barədə məlumat verib.
Dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, operativ,
şəffaf və vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verən
DOST layihəsini, həmçinin nazirliyin e-infrastruktur üzərindən
proaktiv xidmətlərin qurulması təcrübəsini qeyd edib.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq olunan
innovativ yeniliklərdən, aktiv əmək bazarı proqramlarının
genişləndirilməsi işlərindən də bəhs edib.
Xanım H.B.E.Buhumaid ölkəsinin Azərbaycanla dostluq
münasibətləri üzərində ikitərəfli əlaqələrinin daim inkişaf
etdiyini vurğulayıb. Sosial sahədə də qarşılıqlı fayda verən uğurlu
əməkdaşlıq təcrübəsinin formalaşdırılmasının məqsədəuyğun ola
biləcəyini qeyd edib.
Görüşdə iki nazirlik arasında ikitərəfli əməkdaşlığın qurulması,
həmçinin bu əməkdaşlıq üçün müqavilə hüquq bazasının yaradılması
imkanları müzakirə olunub.