Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan öz mədəniyyətinin mühafizəsi tarixində yeni səhifə açdığı zamanda biz yardım göstərməkdən şad olarıq. Mədəni irsi müəyyənləşdirmək, kataloqlaşdırmaq, qorumaq və bu ərazilərdə turizm potensialını inkişaf etdirmək istiqamətində ən son texnologiyalarla bağlı tövsiyələrimizi verə bilərik.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erl Litzenberqer “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanla bağlı müsbət təəssüratlarından biri də bu ölkənin müxtəlif mədəniyyətlərə göstərdiyi hörmətdir: “Bu ərazilərdə minilliklər ərzində çoxsaylı xalqlar olub. Bunun nəticəsində Azərbaycanda islam, xristian və yəhudi dinindən olanlar yaşayır”.
Səfir qeyd edib ki, abidələrin bərpası və mühafizəsi bizim kimliyimizi müəyyənləşdirir.
“Ağdam, Füzuli və geri qaytarılan digər ərazilərdə bərpa işləri başlananda bəzi şəkilləri görmüşəm. Əminəm ki, Azərbaycan müxtəlif insanların tarixi-mədəni irslərinin mühafizəsinə eyni dərəcədə diqqət və qayğı ilə yanaşacaq. Bura azərbaycanlılar, ermənilər və digər xalqlar daxildir” – deyə, səfir qeyd edib.