Azərbaycanla bağlı filmə çəkilən türkiyəli aktrisa öldü

Azərbaycanla bağlı filmə çəkilən türkiyəli aktrisa öldü

Türkiyəli məşhur aktrisa, Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini oynamış Aytən Gökçer 84 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, mərhum aktrisa sabah “Zincirli quyu” qəbiristanlığında həyat yoldaşı Cüneyt Gökçərin məzarının yanında dəfn olunacaq.

Xatırladaq ki, “501 nömrəli kamera” rejissor Nüsrət Əraslanın çəkdiyi ikisi sənədli olmaqla, beş hissəli bədii filmdir. 1967-ci ildə çəkilən filmdə baş rolları Cüneyt Gökçer və Aytən Gökçer oynayıb.

Üç saatlıq filmdə sovet rejimi dövründə Bakıda Hərbi Hava Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən “KQB”nin (DTK) zülmünə dözməyərək iki dostu ilə birlikdə Türkiyəyə qaçan və barələrində ölüm hökmü çıxarılmış azərbaycanlı zabitin fəaliyyətindən bəhs olunur.

Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bayrağı da bir neçə kadrda nümayiş etdirilir. Müəllif bununla sovet dövründə Xalq Cümhuriyyəti ideyaları ilə SSRİ-yə qarşı mübarizənin səngimədiyini göstərməyə çalışıb.

Teqlər: