Azərbaycanın yeni yataqları “Cənub Qaz Dəhlizi”nin genişlənməsi üçün böyük əhəmiyyət daşıyır – ELIAMEP

Azərbaycanın yeni nəsil dəniz yataqları “Cənub Qaz Dəhlizi”nin
ikinci mərhələsi üçün ilkin şaxələndirmə mənbəyi və Cənub-Şərqi
Avropada gələcək əməkdaşlıq üçün çox vacib hesab olunur.

Trend-in
məlumatına görə, bu barədə Yunanıstanın Avropa və Xarici Siyasət
Fondunun (ELIAMEP) elmi işçisi Marik Karagiannisin məqaləsində
deyilir.

Analitik bildirir ki, Azərbaycanın Avropanın enerji təchizatı
mənbəyi kimi geostrateji əhəmiyyəti hazırkı geosiyasi hadisələr
fonunda daha da artıb.

“Azərbaycan coğrafi baxımdan və Cənub-Şərqi Avropanın qazla
təchizatı baxımından əlverişli mövqedə yerləşib. “Şahdəniz” qaz
yatağının kəşf olunmasından sonra hazırda Azərbaycanın təsdiq
olunmuş qaz ehtiyatları 1,3 trilyon kubmetr təşkil edir.
“Şahdəniz”lə yanaşı son onillikdə açılmış dəniz qaz yataqları
2020-ci ildən sonrakı onillikdə hasilatı və Avropaya ixracı
artırmağa imkan verəcək. “Ümid” (200 milyard kubmetr qaz və 40
milyon ton kondensat), “Babək” (400 milyard kubmetr qaz və 80
milyon ton kondensat), “Şəfəq-Asiman” (300 milyard kubmetr qaz) və
“Naxçıvan” (300 milyard kubmetr qaz) kimi yataqların işlənməsi
onların “Cənub Qaz Dəhlizi”nə, eləcə də Cənub-Şərqi və Mərkəzi
Avropada interkonnektorlara qoşulması barədə qərarın qəbul
olunacağı təqdirdə mühüm xarici investisiyalar tələb edəcək”, –
ekspert bildirib.

Onun fikrincə, bütün bunlarla yanaşı, Xəzər dənizində ən
vədedici kəşf 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat
ehtiyatı olan “Abşeron” yatağının açılması olub.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: