Azərbaycanın yeni nəqliyyat dəhlizləri içərisində önəmi artmaqdadır (FOTO)

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Avtomobil Nəqliyyatı
İttifaqının (IRU) ötən ilin yekunlarına dair Ümumi yığıncağı baş
tutub.

ABADA-dan AzerTimes-a verilən məlumata görə, tədbirdə çıxış edən
İRU-nun prezidenti Radu Dinescu və qurumun baş katibi Umberto de
Pretto pandemiya və onun uzunmüddətli təsirləri nəticəsində
beynəlxalq avtomobil daşımalarında yaranan çətinliklərin həllində
təşkilatın həyata keçirilən tədbirlərdən danışıblar..

Yığıncağda təchizat zəncirlərinin qırılması nəticəsində
yükdaşımalarda ciddi problemlər müşahidə edildiyi bildirilib və bu
məqsədlə tranzit keçidlərin və daşımaların daha rahat təşkili üçün
“e-BYD”, “e-TİR”, “e-CMR” və s., intermodal daşımalar zəncirinin
tətbiqinin üzrə işlərin sürətləndirilməsinin vacibliyi qeyd
edilib.

Vurğulanıb ki, regionda və dünyada cari reallıqlar baxımından
yeni dəhlizlərin işlənməsi vacibdir. Bu baxımdan Hind okeanı
hövzəsi ölkələrinin, eləcə də “Şərq-Qərb” marşrutu üzrə Azərbaycan
üzərindən Avropaya çıxış daha rentabelli hesab edilib. Hazırda BYD
kitabçasının tətbiqi ilə bu istiqamətdə daşımalarda artım müşahidə
edilir.

Təşklatın “avtomobil nəqliyyatının elektirkləşdirilməsi barədə”,
“yaşıl nəqliyyat” qətnamələrinin qəbulu da müzakirə edilib. 2050-ci
ilədək karbon dioksid (CO2) emissiyasının neytrallaşdırılması əsas
hədəf kimi müəyyən edilib.

Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyasının (ABADA) İdarə Heyətinin sədri Həbib Həsənov deyib
ki, hazırda ölkəmiz region üçün nəqliyyat mübadilə mərkəzi rolunu
oynayır. Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycan Naxçıvan
vasitəsilə Türkiyə ilə Orta Asiya isə Avropa ilə birləşəcək. Onun
sözlərinə görə, bütövlükdə Zəngəzur dəhlizi Avrasiyanın mühüm
hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsi
baxımından mühüm əhəmiyyət kəsb edir. Həbib Həsənov Zəngəzur
dəhlizinin “Şərq-Qərb” nəqliyyat marşrutunun 3 əsas istiqamətindən
birinin, orta xəttin ən vacib hissəsini təşkil etdiyini qeyd
edib.

ABADA-nın rəhbər deyib ki, ölkə üzrə yük avtonəqliyyat
vasitələrinin vahid bazası formalaşdırılıb. Daşıyıcıların
assosiasiya ilə əlaqələrini genişləndirmək və çevikliliyi təmin
etmək məqsədi ilə assosiasiyanın sosial media hesabları, qaynar
xətt və sms xidmətlərindən istifadə yenilənib və
genişləndirilib.

ABADA rəhbəri yerli daşıyıcıların ekoloji təmiz nəqliyyat
vasitələrinə marağı artırmaq məqsədi ilə bir neçə sosial
layihələrin icra edildiyini də bildirib. H.Həsənov ötən illərlə
müqayisədə son bir ildə Azərbaycanda ekoloji təmiz nəqliyyat
vasitələrinin sayında artımın müşahidə edildiyini, bu istiqamətdə
assosiasiya olaraq daşıyıcı şirkət rəhbərləri ilə davamlı olaraq
maarifləndirmə işinin aparıldığını deyib. Peşəkar sürücü
kontingentinin fomralaşdırılması üçünsə ABADA-nın il ərzində 300-ə
yaxın sürücünün tədrisə cəlb edildiyi bildirilib.

Yığıncaqda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU)
2021-ci ilin yekunlarına dair hesabatı dinlənilib.

Teqlər: