Azərbaycanın yeni inkişaf strategiyasının əsas istiqamətləri açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın yeni inkişaf strategiyası layihəsi ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişikliklərin baş verməsini nəzərdə tutur

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, hazırda Baş nazirin rəhbərliyi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən ə iqtisadi artımın yeni strategiyasının layihəsi hazırlanaraq təqdim olunub.

“Strategiyanın fəlsəfəsi haqqında danışmazdan əvvəl qeyd edim ki, ölkəmizin gələcəyi üçün başlıca çağırış ölkə iqtisadiyyatını dərindən şaxələndirməklə və onun beynəlxalq rəqabət qabiliyyətini daim artırmaqla neftdən asılılığı minimuma endirmək, iqtisadi artımın sürətini və dayanıqlılığını gücləndirmək və bu şərtlər daxilində daha yuxarı gəlirli dövlətlər qrupuna doğru irəliləməkdir.

Bu mənada, təqdim olunmuş yeni inkişaf strategiyası layihəsi ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişikliklərin baş verməsini nəzərdə tutur.

Bunlardan birincisi, dövlət sektorunun, dövlət şirkətlərinin, dövlət maliyyəsinin və iqtisadi idarəetmənin yeni keyfiyyətə transformasiyası və onun iqtisadiyyatın şaxələndirilməsinə səmərəli dəstəyini və töhfəsini təmin etməkdir”, – deyə nazir bildirib.

O qeyd edib ki, ikinci istiqamət üzrə iqtisadiyyatın bütün sahələrində dövlət-özəl tərəfdaşlığını genişləndirmək və dövlət layihələrinin icra olunmasına özəl sektoru fəal şəkildə cəlb etmək nəzərdə tutulur.

“Üçüncü, mühüm dəyişiklik iqtisadiyyatda fəaliyyət mühitinin – ekosistemin keyfiyyətini yaxşılaşdırmaq, özəl sektorun inkişaf stimulunu və sürətini artırmaqla bağlı olacaqdır. Nəhayət, dördüncü əsas istiqamət insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şərait yaratmaqdır.

Əsas ideya ondan ibarətdir ki, dövlətin iqtisadi inkişafda və investisiyalarda aparıcı rolunun mərhələlərlə özəl sektor tərəfindən əvəzlənməsi üçün iqtisadiyyatda adekvat mühit formalaşdırılacaqdır. Məhz bu yanaşmalar strategiyanın başlıca istiqamətlərini təşkil edir.

Demək olar ki, bütün dövlət qurumlarının fəal şəkildə cəlb olunduğu bu prosesdə ölkə iqtisadiyyatının bütün sahələrində strateji hədəfər, bu hədəfərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub”, – deyə M.Cabbarov bildirib.

O qeyd edib ki, yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektorunda 5 faiz səviyyəsində formalaşması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaqdır.

“Bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur. Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə 4 faiz artımını proqnozlaşdırırıq. Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sektorunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz kimi bir artım göstəricilərindən söhbət gedir”, – deyə nazir əlavə edib.

Teqlər: