Azərbaycanın yeni inkişaf mərhələsi

2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkəmizin həyatında əlamətdar hadisə kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları açlış mərasimindəkı çıxışında bir çox mühüm hadisələri qeyd etmişdir.

Qeyd olunmuşdur ki, 39 il əvvəl Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada Vaqifin məqbərəsi açılmışdı. Erməni vadalizminin nəticəsində dağıdılmış məqbərə Heydər Əliyev Fondu tərəfindən qısa müddət ərzində bərpa olunmuşdur. Vaqif Poeziya Günləri də, “Xarıbülbül” festivalı da bərpa edildi. Şuşanın bərpası bu il yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görülmüşdür. Zəfər yolu artıq inkişafın və azad olmuş torpaqlara yeni həyatın qaytarılmasının rəmzinə çevrilib. Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır. Şuşanın elektrik təsərrüfatı, Şuşaya suyun verilməsi bərpa edildi, tarixi abidələrin bərpasına start verilmişdir. Üç məsciddə təmir-bərpa işləri davam edir. Ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın dahi şəxsiyyətlərinin- Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyulmuşdur. “Qarabağ” hoteli əsaslı təmirdən sonra istifadəyə verildi. Yeni yaşayış kompleksinin təməli qoyulmuşdur.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, 30 ilə yaxın davam edən danışıqlar prosesinin heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, ikinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç bir vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi.

44 gün davam edən Vətən müharibəsi nəticəsində Qəhrəman Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğala son qoydu, torpaqlarımız azad olundu. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir.
Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və Azərbaycan yenidən nəfəs almağa başladı. Dözüm, səbir, ədalətə inam öz Prezidentinə inam Azərbaycan xalqını Qələbəyə gətirdi.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış siyasət, 44 gün davam edən Vətən müharibəsində Qəhrəman Ordumuzun tarixi qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən uğurlar imkan verir ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın həm işğaldan azad olmuş ərazilərində, həm də bütünlükdə ölkə üzrə hərtərəfli sürətli inkişafa nail olmaq üçün nəzərdə tutulan bütün layihələr həyata keçirilsin.

Rauf Əliyev
Milli Məclisin deputatı

Teqlər: