Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə
ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac
olunub, 140 ölkədən idxal olunub.

Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin
gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam
neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə
alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət
dövriyyəsi 12 milyard 194,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 9 milyard 267,1 milyon dollarını və ya
76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 927,1
milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri
təşkil etmiş, nəticədə 6 milyard 340,0 milyon dollar məbləğində
müsbət saldo yaranıb.

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət
dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o
cümlədən ixrac 16,8 faiz artıb, idxal isə 3,7 faiz azalıb.

Teqlər: