Azərbaycanın Vətən müharibəsində qələbəsi Almaniyanı məyus edib – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ölkəmizin müstəqil siyasət aparması, həmçinin ötən il Vətən müharibəsi zamanı əldə etdiyimiz möhtəşəm qələbə düşmən Ermənistanla yanaşı, xaricdəki bəzi qüvvələri də məyus edib.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat təəssüflə bildirib ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən belə qüvvələrə son vaxtlar Almaniya da qoşulub: “Belə ki, son günlər Almaniya mediasında Azərbaycana qarşı ardıcıl hücumlar təşkil olunur, ölkəmiz haqqında əsassız iddialar irəli sürülür. Eyni zamanda, Gürcüstanda fəaliyyət göstərən Almaniya institutları Azərbaycana qarşı fəal kampaniya aparmaqla diqqəti cəlb edirlər. Görünən odur ki, bu ölkədəki bəzi qüvvələr ya öz maraqlarını rəsmi Bakıya diktə etməyə çalışır, ya da Almaniyadakı erməni lobbisinin təsiri altında hərəkət edirlər”. Deputat qeyd edib ki, Almaniya 44 günlük müharibə dövründə də özünü qeyri-adekvat aparırdı: “Əslinə qalsa, Vətən müharibəsindən əvvəlki dövrdə Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi. Ermənistan tərəfindən işğal edilmiş torpaqların Azərbaycana məxsus olduğunu bildirirdi. Bu, rəsmi Berlinin mövqeyi idi. Biz gözləyirdik ki, 44 günlük müharibənin gedişi dövründə Almaniya yenə də həmin mövqeyində qalacaq. Beynəlxalq təşkilatların aparıcı üzvü kimi Almaniyanın da beynəlxalq hüquq çərçivəsində bizim mövqeyimizi müdafiə edəcəyini düşünürdük. Amma biz müharibə dövründə bunu görmədik. Əksinə, Almaniyanın buradakı səfirinin mövqeyi, eləcə də bu ölkənin Xarici İşlər nazirinin anlaşılmaz fikirləri və yanaşması bizdə çox təəssüf doğurur. Onu da deyim ki, Almaniyanın ölkəmizdəki səfiri bir dəfə də olsun diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə səfərinə qoşulmayıb. O, nümayişkəranə şəkildə, xüsusi təlimat əsasında belə səfərlərdən imtina edir. Çox təəssüf ki, biz gözlədiyimiz alman dəqiqliyinin və dürüstlüyünün şahidi olmuruq”.

Deputat Almaniyanın antiazərbaycan mövqeyinin qabarmasının eyni zamanda bu ölkənin daxilindəki problemlərdən də qidanlandığını bildirib: “Hazırda COVİD-19-la mübarizədə effektiv siyasət yürüdə bilməyən, ciddi maliyyə-iqtisadi problemlərlə üzləşən Almaniyada eyni zamanda demokratiya, insan və söz azadlıqları ilə bağlı ciddi problemlər var. A.Merkel başda olmaqla Almaniya hakimiyyəti ölkəni siyasi böhran həddinə çatdırıb. Görünür Almaniyanın bəlli dairələri daxildəki problemlərdən diqqəti yayındırmaq üçün müxtəlif yollara baş vururlar. Azərbaycan qarşı hücumlar da bu istəkdən qaynaqlanır. Digər tərəfdən bu gün “Amnesty International” təşkilatının Almaniya üzrə hesabatında qeyd olunur ki, ən çox məhkəmə şikayətləri Avropa üzrə Almaniyadan gedir. Burada əsas nüanslar insan hüquq və azadlıqlarının tapdanmasıdır. Həmin sənədlərdə qeyd olunur ki, alman polisi insanlara qarşı özünü çox aqressiv aparır. Almaniyada digər dinlərə dözümsüzlük mövcuddur. Burada əsasən islamofobiya və türkofobiya əlamətləri görünür. Bu, artan sürətlə gedir. Əlbəttə, bu, demokratiyadan dəm vuran bir ölkə üçün heç də arzuolunan deyil”.

Teqlər: