Azərbaycanın Türk Şurasına sədrlik etdiyi dövr öz məhsuldarlığı ilə təşkilatın tarixində dərin iz buraxıb – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan hansı beynəlxalq təşkilata sədrlik edirsə, o təşkilatın fəaliyyətində aktivlik müşahidə olunur. Sədrlik edən Prezident İlham Əliyev öz liderliyini beynəlxalq təşkilatlarda da nümayiş etdirir və bu təşkilatlarda iştirak edən ölkələrin əməkdaşlığının möhkəmləndirilməsinə və qlobal çağırışlara uyğun problemlərin həllinə töhfə verir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) və Qoşulmama Hərəkatına sədrlik edir:

“Ölkəmizin bu təşkilatlara sədrlik etdiyi dönəmdə qlobal pandemiya ilə əlaqədar dünya ölkələri arasında canlı təmaslara məhdudiyyətlər tətbiq olundu. Amma Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya praktikasında ilk dəfə olaraq zirvə görüşləri videoformata köçürüldü. Ölkəmiz sübut etdi ki, istək olanda missiyanın həyata keçirilməsinə heç nə mane ola bilməz. Ölkəmizin TDƏŞ-ə və Qoşulmama Hərəkatına sədrilik etdiyi dövr həmişəkindən həssas və məsuliyyətli olub. Çünki bütün dünya ölkələrini eyni məsələ, qlobal pandemiyaya qarşı mübarizənin aparılması və necə təşkili narahat edirdi.

Bu mübarizəni qlobal əməkdaşlıq qurmadan effektli aparmaq mümkün deyildi. Azərbaycan burada da öz töhfəsini verdi və BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə nail oldu və dünyada koronavirusa qarşı mübarizədə ölkələrə bərabər yanaşmanın ortaya qoyulmasını, kasıb ölkələrə yardımların edilməsini, vaksinlərin ədalətli, məqbul qiymətə və əlçatan şəkildə paylanmasının təşkilini göndəmə gətirdi.

Nəhayət mart ayında məsələ ilə əlaqədar müvafiq qətnamə də qəbul olundu. Bu, Azərbaycanın dünya gündəminə verdiyi vacib və əvəzolunmaz töhfəsi oldu”.

Deputat vurğulayıb ki, martın 31-də TDƏŞ-in növbəti Zirvə görüşü keçirildi: “Bu Zirvə görüşünün ölkəmiz üçün həssas bir günə, Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bütün dünya ölkələri, o cümlədən bizi sevməyən ölkələr də gördülər ki, türk dünyası vahiddir və çətin məqamlarda bir yerdədir. Görüşdə iştirak edən ölkələrin rəhbərlərinin hamısının çıxışlarında Azərbaycanı 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə təbrik etməsi, ölkəmizin ərazi bütövlüyünü öz hərbi gücü ilə təmin etməsi türk dünyası üçün qürurverici olduğu anlamına gəlir.

Görüşdə üzv dövlətlər işğaldan azad olunmuş ərazilərimizin yenidənqurma və bərpa işlərində ölkəmizlə həmrəy olduqlarını bildirərək ölkəmizin ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dəstələdiklərini və bütün məsələlərin ölkəmizin ərazi bütövlüyü çərçivəsində beynəlxalq normalara uyğun həll olunmalı olduğunu bildirdilər.

Zirvə görüşündə Özbəkistanın da bu təşkilata tam hüquqlu üzv seçilməsi türk birliyini dünyada sarsılmaz edir. Təşkilata üzv ölkələrin nazirləri arasında görüşlərin keçirilməsi iqtisadi əməkdaşlıq imkanlarını genişləndirib, iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunu və yerini artırıb. Çünki Azərbaycanın yerləşdiyi coğrafiya türk dövlətlərini bir-birinə marşrutlar vasitəsilə birləşdirir. Məhz bunun göstəricisidir ki, qlobal pandemiya olmasına baxmayaraq, 2020-ci ildə Azərbaycanın üzərindən qeyri-neft sektoru üzrə avtomobil nəqliyyatı vasitəsilə daşımalar 2019-cu ilə nisbətən 52% artıb.

Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, həmçinin Türk Şurasının Ticarət və Sənaye Palatasının Biznes Forumunun aprel ayında Bakıda keçirilməsinin nəzərdə tutulması keçirilən görüşlərin davamı olaraq üzv ölkələr arasında iqtisadi və humanitar əməkdaşlıqda yeni üfüqlər açacaq. Azərbaycanın TDƏŞ-ə sədrlik etdiyi dönəm öz məhsuldarlığı və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmlənməsi baxımından verdiyimiz töhfələri ilə bu təşkilatın tarixinə dərin iz buraxıb”.

Teqlər: