Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanın turizm imkanları noyabrın 16-da Qətərin paytaxtı Dohada işinə başlayan “Qatar Travel Mart” sərgisində təqdim olunur.
Bu barədə AzerTimes-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Noyabrın 18-dək davam edəcək sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycana həsr olunan panel sessiya keçirilib.
Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiya Azərbaycan turizminə necə təsir etdi? Postpandemiya dövründə turizm sənayesinin bərpası” mövzusunda çıxış edərək, həmçinin Azərbaycanın geniş turizm potensialı, turizmin müxtəlif növlərinin inkişaf perspektivləri, Qarabağın yeni turizm destinasiyasına çevrilməsi planları, Yaxın Şərq ölkələri üzrə aparılan rəqəmsal təbliğat kampaniyaları haqqında məlumat verib.
F. Zenqstşmid çıxışında Qətərin ölkəmiz üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayaraq turizm potensialının tanıdılması və təbliğatı məqsədilə keçirilən bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
O, Qətərlə vizanın ləğvindən sonra yaranan yeni əməkdaşlıq imkanlarından bəhs edib. Həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına gələcək azarkeşlərin bir hissəsinin Azərbaycana da səfər etməsini nəzərdə tutan xüsusi turistik paketlərin hazırlanmasının mümkünlüyü haqqında danışıb.
Tədbirdə Azərbaycan Respublikasının Qətərdə olan səfirliyinin, “Qatar Airways” hava yollarının, eləcə də turizm sənayesinin nümayəndələrinin iştirakı ilə Azərbaycan və Qətər Dövləti arasında ikitərəfli əməkdaşlıq, post pandemiya dövrü üçün Azərbaycanda hotellərin hazırlıq dərəcəsi, dünya brendi olan yeni hotellərin açılması, Azərbaycanın əsas turizm məhsulları və yeni marşrutlar haqqında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Azərbaycan stendini ziyarət edib və təbliğat materialları ilə tanış olub.
Sərgidə Azərbaycanı “Four Seasons Hotel”, Park Inn by Radisson Baku”, “Absheron Hotel Group”, “Discover Azerbaijan Travel”, “Zakher Travel”, “Orbit Group LLC”, “Falcon Luxury Travel”, “Alison Travel”, “TRHAL Travel” kimi hotellərin və turizm agentliklərinin, eləcə də Naxçıvan MR-in Turizm Departamentinin nümayəndələri təmsil edirlər.
İlk dəfə keçirilən “Qatar Travel Mart” sərgisi turizm üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli təşkilatları, hava yolları şirkətləri, turoperatorlar, turizm agentlikləri, hotelçilər və onlayn səyahət şirkətlərini bir araya toplayaraq turizm sənayesində rəqabətliliyi artırmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədini daşıyır.
Sərgiyə dünyanın 31-ə yaxın ölkəsindən turizm sənayesinin təmsilçiləri qatılıb.
Qeyd edək ki, Qətər epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin götürüldüyü 65 ölkə arasında yer alır. Cari ilin oktyabr ayında Qətərlə “Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”inin imzalanması ilə iki ölkə arasında viza tələbi aradan qaldırılıb.