Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri keyfiyyətcə yeni nailiyyətdir – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan və İranın dəmir yolu şəbəkələrini birləşdirən Xəzər dənizinin sahilindəki logistika mərkəzi kimi əsas strateji magistral komponentlər, Şərq-Qərb və Şimal-Cənub oxları boyunca çox modullu imkanlara malik trans-regional infrastrukturun inkişafında keyfiyyətcə yeni bir nailiyyətdir.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Tacikistanda “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 9-cu Nazirlər Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və regionda yük və konteynerləri daha qısa, daha sürətli, daha səmərəli və qənaətli şəkildə idarə edə biləcək əlaqələndirməni təmin edəcək:

“Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında “Lapis-Lazuli” marşrutu üzrə saziş Əfqanıstanı birbaşa Avropa ilə birləşdirəcək böyük beynəlxalq ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya üzərindən ticarəti genişləndirmək üçün infrastrukturun yaxşılaşdırılması və yaradılması yolu ilə əlaqələndirmə səylərində mühüm bir mərhələdir. Bu sazişin bir hissəsi olaraq, Azərbaycan Əfqanıstana tranzit və nəqliyyatla bağlı çoxsaylı seçimlər təqdim edərək öz töhfəsini verməkdən məmnundur”.

Teqlər: