Azərbaycanın təklif etdiyi şərtlər həm prinsipiallığımızın, həm də bölgənin inkişafının göstəricisidir – Politoloq

Prezident İlham Əliyev 18 il ərzində yürütdüyü siyasətlə Azərbaycan xalqının milli maraqlarını rəhbər tutur, ərazi bütövlüyünün təmin olunması üçün əlindən gələni edir. Dövlət başçımız bununla bir tərəfdən xalqının ümidlərini doğruldursa, digər tərəfdən də atdığı hər addımda xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə yerinə yetirərək ata vəsiyyətini icra etmək istiqamətində əməli işlər görür.

Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.

O, bildirib ki, bu baxımdan da Qurtuluş savaşı boyunca xalqımız da ölkə başçımızın yürütdüyü siyasəti daim dəstəklədi:

“Dünya azərbaycanlılarının və cəmiyyətimizin hər bir seqmentinin, hər bir üzvünün tək bir ağızla dedikləri “Öldü var, döndü yoxdur” sözü qətiyyətimiz baxımından isbata ehtiyac duyulmayan aksiomdur. Çünki dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı əmindir ki, milli maraqlarımızın, təhlükəsizliyimızın və inkişafımızın təminatçısı cəsarətli, qətiyyətli, vətənpərvər, mahir diplomat və siyasətçi olan Prezident İlham Əliyevdir. Müharibədən sonra Ermənistanın artan təxribatları fonunda da xalqımız əmindir ki, ölkə başçımız cənab İlham Əliyev xalqımızın maraqlarını rəhbər tutaraq atdığı hər addımı, verdiyi hər mesajı ilə Azərbaycanın təhlükəsizliyini və uğur strategiyasını realizə edir.

Eynilə, 44 günlük Vətən müharibəsində də olduğu kimi ölkənin birinci şəxsi olaraq informasiya cəbhəsinə də şəxsən rəhbərlik edən və bütün dünya ictimaiyyətini birbaşa özü məlumatlandıran cənab Prezident İlham Əliyev bu ənənəsinə sadiq qalaraq hələ də bu cəbhədə də uğurlu iş aparır. Belə ki, postmüharibə dövründə Ermənistan-Azərbaycan arasında olan mövcud durum, regionda baş verənlər, xüsusilə də son zamanlar Ermənistanın artan təxribatları və onu hələ də silahlandıran, havadarlıq edən dairələrə verdiyi açıq mesajlar, birbaşa xəbərdərlıqlar fonunda Türkiyənin “CNN Türk” kanalına verdiyi müsahibə olduqca müstəsna əhəmiyyətə malikdir”.

Ş.Həsənova deyib ki, 30 illik işğala son qoyan Azərbaycan qalib tərəf olaraq Ermənistana sülh təklif edir, lakin bu o demək deyil ki, Azərbaycanın bu təklifi fonunda Ermənistan hələ də mənfur əməllərinə, təxribatlarına davam etməlidir:

“Təklif etdiyimiz sülhə razı olmayıb, savaş istəyirlərsə, əgər Ermənistanın buna fikiri varsa Azərbaycan hər bir cəhətdən buna hazırdır. Ölkə başçımızın da qeyd etdiyi kimi Türkiyənin müdafiə sənayesi gündən-günə inkişaf edir və biz də bundan yararlanacayıq. Bu güclü arqumentə baxmayaraq Azərbaycan müharibə istəmir. Bunu həm Ermənistan, həm də ona silah ötürənlər, gələcəkdə də ordusunun müasir silahlarla təchizatlandırılmasına söz verərək Ermənistanı yanlış yola sövq edənlər də anlamalıdır. Azərbaycanın dünya birliyi tərəfindən də tanınan ərazi bütövlüyünü Ermənistan tanımağa hazırdırsa və sərhədlərin delimitasiyası işini başlayırsa bu Ermənistan üçün inkişaf pəncərəsinin açılması deməkdir.

Dövlət başçımızın müsahibə əsnasında Qarabağda yaşayan erməni icmasını “yolunu azmış Azərbaycan vətəndaşları” adlandırması və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının vacibliyini qeyd etməsi heç tə təsadüfi deyildi. Bununla dövlət başçımız bildirir ki, o insanlar Azərbaycan vətəndaşlarıdır və burada dövlət olaraq o insanlardan məsuliyyət daşıyacaq ölkə də başqa dövlət deyil, məhz Azərbaycandır. Ermənistanda iyunun 20-sində baş tutan seçkilərdə əgər emənilərin 54 faizi məğlub olmuş hakimiyyətə səs veribsə, deməli, erməni xalqının özü hal-hazırki mövcud reallıqla barışıb. Ermənistanın indi törətdiyi təxribatlar, guya sərhəddə və regionda gərginlik mövcuddur görüntüsü yaradaraq, var-gəl etmələri Ermənistanın bu əməllərə sövq edilərək xarici dairələrin birbaşa öz maraqlarını təmin etmək istiqamətində atdığı şüurlu və məqsədyönlü addımlardır. Bu baxımdan da Rusiyanın müdafiə naziri Şoyqunun Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlaması barədə fikirlər səsləndirməsi Rusiyanın 10 noyabr 2020 birgə bəyanatında üzərinə götürdüyü vasitəçilik missiyasına tamamilə zidddir. Bu birmənalı olaraq belə izah olunmalıdır ki, Azərbaycanın gücü qarşısında tab gətirə bilməyən Ermənistan təslim oldu, kapitulyasiya sənədinə imza atmağa məcbur oldu və Rusiya bu məsələdə vasitəçiliyi öz üzərinə götürdü. 30 il ərzində Ermənistan milyardlarla dollar dəyərində pulsuz silahlarla təmin edildisə və hələ də buna davam ediləcəksə, yenə də güclər nisbəti dəyişməyəcək. Azərbaycan bütün region ölkələrindən sülhün bərqərar olunması üçün səylərini daha da artırmasını gözləyir. Dövlətimiz rəsmi Tehranın Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoymasını və Rusiyanın bu bölgədə xüsusi rolunu nəzərə alınaraq sülhün bərqərar olması səylərinin daha da artırılmasını gözləyir”.

Politoloq bildirib ki, erməni silahlı qruplaşmaları bölgədən tamamilə təmizlənməlidir. Sülhməramlılar da öz səlahiyyət çərçivələrindən birmənalı olaraq kənara çıxmalı deyil:

“Üçtərəfli bəyanatda əksini tapan bütün məsələlər öz həllini tapmalıdır. Bunu əgər bir tərəfdən Ermənistan birmənalı olaraq icra etməlidirsə, digər tərəfdən də ölkə olaraq vasitəçilik edən Rusiya bu məsələləri təmin etməlidir. Necə ki, Azərbaycan ləyaqətli müharibə apardı, mülki şəxsləri hədəf almadı, indi də Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi ilə regiona sülh və inkişafın gətirəcəyi təklifləri edir. Çünki Zəngəzur dəhlizinin, dəmir yolunun açılması Ermənistanın bu günə qədər olmayan əlaqələrinin yaradılması ilə ölkənin dünyaya yeni pəncərədən baxması və bununla da inkişafı deməkdir.

Türkiyə-Azərbaycan münasibətlərinə gəldikdə isə bir fakt burada olduqca müstəsna əhəmiyyət kəsb edir ki, bizim sadəcə dövlətlərimiz deyil, xalqlarımız, cəmiyyətlərimiz də bu səmimi münasibətlərin möhkəm şəkildə qorunub saxlanılmasında və inkişaf etdirilməsində maraqlıdır. Bu baxımdan da ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı tarixi əhəmiyyətə malikdir və bu kəlam bizim üçün yaddaş kitabçasıdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi Türkiyə-Azərbaycan birliyinin bu qədər möhkəm təməllər üzərində qurulması bəzilərini narahat edir. Dövlətlərimiz, xalqlarımız qarşılıqlı olaraq heç bir kənar dairəyə bu münasibətlərin korlaması istiqamətində hər hansı bir addımın atılmasına rəvac verməyəcək. Bu baxımdan da ölkə başçımızın bu mühüm müsahibəsindən sonra dərhal sonra Türkiyə Prezident Administrasiyasından Türkiyə və Azərbaycan qardaşlıqlarını əməldə sübut etmələri haqqında açıqlama verməsi bir daha sübut edir ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir və bölgədə təhlükəsizliyin və inkişafın qarantıdır.

Azərbaycan xalqı və dövləti prinsipial mövqeyindən dönən deyil. Cənab Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti xalqımız tərəfindən sonuna qədər dəstəklənir və biz xalq olaraq ölkə başçımızın ətrafında yumruq kimi birləşmişik. İkinci Qarabağ savaşı Ermənistan və hər kəs üçün dərs olmalıdır. Yox, əgər bundan düzgün nəticələr çıxarılmırsa Azərbaycan bu dərsi yenidən verməyə hazırdır”.

Teqlər: