Bu gün Prezident İlham Əliyev azad edilmiş torpaqlarımızda
möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. Azərbaycanın
təcrübəsində bərpa və yenidənqurmanın nadir nümunəsi həyata
keçirilir.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov “Azərbaycan”
qəzetində dərc olunan məqaləsində deyib.
O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan
azad edilmiş ərazilər üzrə hazırlanmış Strateji Fəaliyyət Planına
uyğun olaraq bütün ərazilərin, şəhər, qəsəbə və kəndlərin
bərpasının vahid konsepsiya əsasında bərpasına başlanmışdır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz
məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi
məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Əlaqələndirmə
Qərargahı yaradılmış və bu çərçivədə işğaldan azad edilmiş
ərazilərdə məsələlər mərkəzləşdirilmiş qaydada həll olunur.
İşğaldan azad edilmiş ərazilər bu gün bütövlükdə böyük bir
tikinti meydanına çevrilmiş, inşaat, quruculuq işləri ölçüyəgəlməz
miqyas və vüsət almışdır. Burada ilk növbədə həyat təminedici
işlər, o cümlədən yol infrastrukturu, elektroenergetika, su
təsərrüfatı, kənd təsərrüfatı, rabitə və digər sahələrdə işlər
qurumlararası qarşılıqlı əlaqədə yüksək sürətlə həyata keçirilir”,
– Ə.Əsədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev imzaladığı “Azərbaycan
Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci
il 7 iyul tarixli Fərman ilə Azərbaycanın Zəfər salnaməsinin
növbəti şanlı səhifəsini yazdı.
“Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının
daxil olduğu Şərqi Zəngəzur iqtisadi rayonunun, dağlıq və aran
Qarabağa aid Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı
rayonları və Xankəndi şəhəri, habelə Ağcabədi və Bərdə rayonları da
daxil olmaqla, Qarabağ iqtisadi rayonunun yaradılması yeni coğrafi,
siyasi, iqtisadi reallıqların inikası olaraq Azərbaycan dövlətinin
siyasi iradəsini təsdiq edir”, – deyə baş nazir əlavə edib.