Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərin fonunda Azərbaycanın Şuşada Qazançı kilsəsinin təmirinə başlaması ölkəmizin tolerantlığının göstəricisidir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, ermənilər 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladıqları müddətdə daşı daş üstündə qoymayıblar, tarixi, mədəni və dini abidələrimizə qarşı da vandallıqlarını nümayiş etdiriblər:
“İşğal altında olan müddətdə 62 məscidimiz tam dağıdılıb, eyni zamanda məscidlərdə müxtəlif heyvanlar saxlayaraq təhqir ediblər. Lakin Azərbaycan erməni faşistlərinin əməllərindən tam fərqli münasibət sərgiləyir və bu günlərdə Şuşada Qazançı kilsəsinin bərpasına başlayıb. Bildiyiniz kimi işğaldan azad edilmiş bütün ərazilərimizdə bərpa işləri aparılır və həmçinin tarix və mədəniyyət abidələrinin hər biri bərpa ediləcək.
Qazançı kiləsinin bərpa işlərinə başlanılması Azərbaycanın multikultural və tolerant ölkə olduğunun daha bir bariz nümunəsidir”.
Deputat qeyd edib ki, Azərbaycan dünyada multikultural və tolerant bir ölkə kimi böyük nüfuz qazanıb və Azərbaycanın bu sahədə nümunəsi digər ölkələr tərəfindən öyrənilir və tətbiq edilir:
“Xüsusuilə də Heydər Əliyev Fondu tərəfindən abidələr təmir və bərpa edilir, həmçinin dünyada çoxlu sayda ölkələrdə abidələrin bərpasında Heydər Əliyev Fondu yaxından iştirak edib. Bunların sırasında Versal Sarayının parkında olan abidələr, Strasburq kafedral kilsəsində vitrajlar, İkinci dünya müharibəsi zamanı tam dağıdılmış Berlin qəsri, Luvr qalereyası, Roma şəhərində Kapitoli muzeyi və digərləri var.
Bu siyahını çox uzatmaq olar, lakin qısa olaraq qeyd edim ki, dünyada çoxsaylı abidələri bərpa edən Heydər Əliyev Fondu təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə də mədəniyyət abidələrinin bərpasında eyni münasibət sərgiləyir və Azərbaycanın multikultral və tolerant siyasətə sadiqliyini göstərir”.
Twitter: @ElchinMehdiyev