Azərbaycanın sülhpərvər siyasətinin məqsədi regionda sabitliyə nail olmaqdır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan dövləti yürütdüyü sülhpərvər, adekvat, məntiqli, humanist siyasətlə daim sübut edib və göstərib ki, onun məqsədi regionda sabitliyə nail olmaqdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformat müzakirələrindəki çıxışı zamanı bu istiqamətdə çox mühüm məqamlara toxundu və həmin məqamlardan biri də regional əməkdaşlıq və dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı deyilən mükəmməl fikirlərdir.

Deputat qeyd edib ki, gələcəyə nikbin, pozitiv baxmaq lazımdır: “Artıq qarşıdurma, müharibə, təzad dövrü bitməlidir və regional mühit sabitləşməlidir. Çünki bütün inkişaf və yüksəlişlər həmin sabitliklə üzvi surətdə bağlıdır.

Təbii, indi emosiyalar qabarıqdır deyə, məlum sabitlik haqda danışmağa çoxları tələsmir. Fəqət, qarşı tərəfin bütün şərtlərə, xüsusən də 10 noyabr razılaşmasının şərtlərinə əməl edəcəyi təqdirdə durum fərqli ola bilər. Öncə Zəngəzur dəhlizi açılmalıdır. Çünki bu dəhlizin açılması bütün regional dövlətlər üçün lazımlı və faydalıdır. İkinci məsələ sərhədlərin dəqiqləşdirilməsi və həmin sərhədlərin beynəlxalq hüquqla tanınan hüdudlar çərçivəsində müəyyənləşdirilməsidir ki, bu istiqamətdə də iş gedir.

Və nəhayət, Ermənistan bundan sonra normal siyasət yürütməlidir, öz işğalçı və terror siyasətindən imtina etməlidir. Bəlkə o zaman gərginlik daha az olar, regiondakı siyasi mühit daha fərqli məcəraya yönələr. Hazırda isə Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməli və 10 noyabr razılaşmasının şərtlərinə əməl etməlidir. Çünki Azərbaycan güclü, qalib və haqlı tərəfdir”.

Teqlər: