Azərbaycanın sosial sahədə proaktiv xidmətlər təcrübəsinin digər ölkələrdə tətbiqi müzakirə olunub

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Moskvada keçirilən illik ümumi iclasında iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, iclasda Assosiasiyanın ötən dövr ərzində fəaliyyəti, üzv dövlətlərin pensiya və sosial fondlarının əldə etdikləri nailiyyətlər, sosial inkişaf parametrlərinin vahid metodologiya əsasında müəyyən edilməsinə imkan verəcək çevik qiymətləndirmə indeksinin tərtib edilməsi məsələləri müzakirə olunub. Assosiasiyanın yaranmasının 30 illik yubileyinə hazırlıq məsələsi nəzərdən keçirilib, üzv ölkələrin təqdimatları dinlənilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov son illər Azərbaycanda sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində əldə olunan mühüm irəliləyişlər barədə məlumat verib. O, sosial təminat sahəsində aparılan geniş islahatları, əhaliyə göstərilən elektron xidmətləri, sosial ödənişlərin təyinatında proaktiv xidmətlərin tətbiqi təcrübəsini qeyd edib. Fondun fəaliyyətinin optimal əsaslar, əhaliyə xidmət modeli üzərində təkmilləşdirilməsi tədbirlərini diqqətə çatdırıb.

Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin müavini Andrey Pudov və Rusiya Pensiya Fondunun İdarə Heyətinin sədri Andrey Kiqim Azərbaycanda sosial xidmətlərin elektronlaşdırılması və proaktiv təşkilinin maraqla izləndiyini bildiriblər. Bu sahədə ölkəmizin böyük yol qət etdiyi qeyd olunub.


Görüş zamanı proaktiv xidmətlərin göstərilməsi təcrübəsi ilə bağlı Rusiya tərəfini maraqlandıran suallar Dövlət Sosial Müdafiə Fondunun rəhbəri tərəfindən cavablandırılıb. Assosiasiyaya üzv dövlətlərin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Azərbaycanda reallaşdırılan islahatları maraqla qarşılayıblar. Xüsusilə sosial sahədə əhaliyə elektron əsaslı proaktiv xidmətlər infrastrukturunun formalaşdırılması sahəsində son illər ölkəmizdə əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblır. Onlar Azərbaycanın bu sahədə uğurlu təcrübəsinin öz ölkələrində tətbiqi perspektivlərindən bəhs ediblər.

İclasda bu ilin sonunda Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensial, həll yolları” mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın təşkilati məsələlərinə də toxunulub. Digər üzv dövlətlərin təqdimatları olub, təcrübə mübadiləsi aparılıb.

Teqlər: