Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin görüşü keçirilib (FOTO)

Mayın 20-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama
Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin
videokonfrans formatında görüşü keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
iştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş
direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın ÜST-nin beynəlxalq
təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd
edərək, beynəlxalq konfransın işinə uğurlar arzuladı.

Səhiyyə naziri Teymur Musayevin moderatorluğu ilə baş tutan
videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası
ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə
nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll
yollarını müzakirə etmək məqsədilə təşkil olunub.

Teymur Musayev 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19
pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə
məsuliyyətlə yanaşmasını diqqətə çatdırdı. O, Azərbaycanın
pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir
sıra təşəbbüslər irəli sürdüyünü dedi: “Prezident İlham Əliyevin
təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş
Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və
hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub.
Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ
dolları həcmində könüllü maliyyə töhfəsi edib, onun yarısı
Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bundan əlavə,
koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Qoşulmama
Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və
maliyyə yardımı göstərilib. Azərbaycan təmənnasız olaraq dörd
ölkəyə 150 min doza peyvənd ianə edib”.

Öz çıxışlarında Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin
səhiyyə nazirləri Azərbaycanın “peyvənd millətçiliyi”nə və
peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha
artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə
etməsini yüksək qiymətləndirdilər. Onlar peyvəndlərin dövlətlər
arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini Qoşulmama
Hərəkatına üzv ölkələrin əhalisini qorumaq imkanından məhrum
etdiyini diqqətə çatdırdılar.

Teqlər: