Milli Məclisin sabiq deputatı Vladimir Timoşenko məhkəməyə verilib.
AzerTimes Modern.az-a istinadla xəbər verir ki, “Elektron Məhkəmə Portalı”ndan əldə etdiyi məlumata görə, Azəristiliktəchizat ASC ehtiyatda olan general-mayor barədə məhkəməyə müraciət edib.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Məlumata görə, qurumun məhkəməyə müraciət etməsinə səbəb Timoşenkonun qarajı olub. Belə ki, Azəristiliktəchizat ASC qarajın qanunsuz olduğunu bildirib və sabiq deputatdan obyektin sənədlərini təqdim etməsini tələb edib. Sənədlərin qaydasında olmadığı məlum olduqda isə ondan qarajın sökülməsi tələb olunub.
81 yaşlı Timoşenko Kiyevdə anadan olub. Ehtiyatda olan general-mayor Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.
Timoşenko 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilib.