Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi bu gün ilk səfərinə çıxıb.

ASCO-dan AzerTimes-a verilən məlumata görə, “Azərbaycan” gəmisinin ilk səfəri Qazaxıstanın Kurık limanına olub. Gəmi bu gün Ələtdə yerləşən Bakı Limanından yola düşüb.

Daimi heyəti 25 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Azərbaycan” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 14 bərə və 2 Ro-Ro tipli gəmi həyata keçirir.

Twitter: @JeyhunAlakbar

Teqlər: