Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi daha 1 il uzadıldı – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

13-14 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda virtual formatda aralıq dövr Nazirlər Konfransı keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd Hərəkatın Bakı Zirvə Görüşündən ötən müddət ərzində Hərəkat üzvlərinin birgə səyləri ilə qlobal çağırışlara qarşı mübarizədə əldə olunmuş irəliləyişləri və bu istiqamətdə atılacaq növbəti addımları müzakirə etməkdən ibarət olub. 33 ölkənin xarici işlər naziri səviyyəsində təmsil olunduğu Konfransda Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra QH üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb.

AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi daha 1 il uzadıldı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, hüquq elmləri doktoru Namiq Əliyev və siyasi şərhçi Əhməd Əlili mövzu ətrafında müzakirə aparıblar.


İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: