“İxrac icmalı” nın fevral sayına əsasən, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzerTimes-a bildirilib.
Qeyd edilib ki, 2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, pambıq lifi ixracı 56,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı isə 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 10,2% artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 71,9% artaraq 172 milyon ABŞ dolları təşkil edib.