İxrac icmalının avqust sayına əsasən, 2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. ABŞ dolları və ya 30,5% artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzerTimes-a bildirilib ki, 2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 42% artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln ABŞ dolları olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon ABŞ dolları təşkil edib.